Tovuzda fermerlərin qanuni pay torpağı və avtomobil yolu başqa şəxslərə satılıb - REPORTAJ

3 Oktyabr 2025 11:48 (UTC+04:00)

Tovuz rayonunun Düz Qırıqlı kənd sakinləri Saleh İbrahimov və Hüseyn Məhərrəmov redaksiyamıza müraciət edərək üzləşdikləri qanunsuzluqla bağlı şikayətlərini bildiriblər. Fermerlər qeyd ediblər ki, vaxtilə dövlət tərəfindən onlara verilmiş pay torpaqlarının bir hissəsini qanunsuz olaraq başqa şəxsə satıblar.

Bundan başqa, həmin torpaq sahəsində salınmış üzüm bağlarına və dövlət tərəfindən qurulmuş artezian qurğusuna gedən texniki yolu da başqa vətəndaşa satıblar, o da yolun həmin hissəsini çəpərləyib. Nəticədə sahələrə və arteziana gedən yol bağlanıb və xidmət maşınları oraya keçə bilmirlər.

Səs Media Qrupun əməkdaşları olaraq şikayətlə bağlı həmin əraziyə baş çəkib və vəziyyətlə yerində tanış olduq.

Sözügedən ərazi Tovuz rayonunun Düz Qırıqlı kəndindən keçən avtomobil yolunun kənarında yerləşir. Yolun bir tərəfində kənd yerləşir, qarşı tərəfi isə əkin və bağ sahələridir. 90-cı illərin ortalarında aparılan özəlləşdirmə prosesi zamanı bu torpaq sahələri kənd sakinlərinə bölünüb. Şikayətçilər də həmin sahədən verilən pay torpaqlarında üzüm bağı salıblar və 27 ildir burada məhsul becərirlər.

Sözügedən sahə avtomobil yolunun kənarında yerləşir bu yolla sahələrin arasında isə paralel olaraq sahələrə xidmət yolu var, hansı ki bu yol maşın və traktorların hərəkəti üçün nəzərdə tutulub. Ərazinin plan xəritəsində də bu açıq şəkildə göstərilib. Lakin hazırda bu sahələrə gedən yol ortadan kəsilərək 2 sot torpaq sahəsi başqa bir şəxsə satılıb və nəticədə 30-dan artıq sahəyə və artezian qurğusuna gedən maşın-texnika yolu tam kəsilib.

Bu vəziyyətdə bağ sahibləri öz sahələrinə maşın, traktor və sair texnikanı gətirə bilmirlər və məhsul məhv olur. Bundan başqa, dövlət tərəfindən istifadəyə verilmiş artezian qurğusuna xidmət edən maşınlar da buradan keçə bilmir. Halbuki, bu yolun başqa məqsədlə istifadəsi tamamilə qanunsuzdur və qadağandır.

Şikayətçilər bu qanunsuzluğun aradan qaldırılmasını tələb edirlər.

Lakin buradakı problem və qeyri-qanuni vəziyyət təkcə bununla bitmir. Fermerlər daha bir problemlə üzləşiblər. Belə ki, onların qanuni pay torpaqlarından kəsilib tamamilə qanunsuz şəkildə başqa şəxsə torpaq verilib. Saleh Məhərrəmov qeyd edib ki, 1997-ci ildə torpaq bölgüsü zamanı ona və sahə qonşusu Hüseyn Məhərrəmova dövlət aktı ilə yanaşı şəkildə qanunu torpaq sahəsi verilib. Bu ərazinin plan-xəritəsində aydın şəkildə göstərilib və nömrələnib.

İndi şikayətçilərə məxsus olan bu 2 sahənin hərəsindən bir az kəsilərək başqa şəxsə 5 sot torpaq sahəsi satılıb. Halbuki, o şəxsin əlində özəlləşmə zamanı bölünən torpaq sahəsinə aid dövlət aktı yoxdur, sahənin plan xəritəsində də belə bir yer yoxdur.

Hüseyn Məhərrəmov qeyd edib ki, məsələ ilə bağlı apelyasiya məhkəməsi onların xeyrinə qərar qəbul edib və buradan başqa şəxsə torpaq sahəsinin satılmasının qanunsuz olduğunu qeyd edib. Eyni zamanda Kənd Təsərrüfatı Nazirliyinə müraciətlərinə gələn cavabda da bunun qanunsuz olduğu qeyd olunub.

Bununla yanaşı Prezident Administrasiyasına, Milli Məclisə, Əmlak məsələləri Dövlət Xidmətinə və Ədliyyə Nazirliyinə də müraciət olunub və onlara məsələnin araşdırıldığı bildirilib.

Şübhə etmirik ki, müvafiq orqanlar problemlə bağlı qanuni tədbirlər görəcəklər. Məsələni diqqətdə saxlayacağıq.

Elçin Bayramlı

Şikayət əsasında ərazidən çəkilmiş geniş videosüjetə Səs TV kanalında baxa bilərsiniz

https://www.youtube.com/watch?v=ZlRii5iLyho&t=4s