ABADA VII Beynəlxalq Nəqliyyat‑Logistika Biznes Forumunda iştirak edib

3 Oktyabr 2025 11:36 (UTC+04:00)

"Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası" (ABADA) İctimai Birliyi Qazaxıstanın Almatı şəhərində Nəqliyyat Həftəsi çərçivəsində keçirilən VII Beynəlxalq Nəqliyyat‑Logistika Biznes Forumunda iştirak edib. SİA bu barədə Assosiasiaya istinadən xəbər verir.

Tədbirin panel sessiyalarında iştirak edən ABADA rəhbəri Həbib Həsənov "Beynəlxalq Avtomobil Nəqliyyatı: Avtomobil Nəqliyyatı Xidmətləri üçün Yeni İmkanlar" mövzusunda fikirlərini bölüşüb, Azərbaycanın daşıyıcılarının perspektivləri, Orta Dəhlizin imkanları, Zəngəzur Dəhliznin açılmasının əhəmiyyəti, beynəlxalq əməkdaşlıq, tranzit strategiyaları haqqında Forum iştirakçılarına ətraflı məlumat verib.

O, bildirib ki, normativ-hüquqi islahatlar və gömrük prosedurlarının sadələşdirilməsi, rəqəmsallaşma, "bir pəncərə" prinsipi avtomobil daşımalarının sürətləndirilməsinə xidmət edəcək. Həsənov həmçinin beynəlxalq əməkdaşlıqda Assosiasiyaların rolu, bu istiqamətdə ABADA-nın perspektivləri mövzularına da toxunub.

30 Sentyabr‑2 oktyabrda baş tutmuş forumun məqsədlərindən biri Trans-Avrasiya nəqliyyat marşrutlarının gələcəyinin müzakirə edilməsi, Qazaxıstanın beynəlxalq tranzit rolunun artırılması və nəqliyyat‑logistika sektorunda beynəlxalq əməkdaşlıq imkanlarının araşdırılmasıdır. Forumda Avstriya, Azərbaycan, Belarus, Almaniya, Gürcüstan, Hindistan, Çin, Latviya, Litva, BƏƏ, Pakistan, Rusiya, Rumıniya, ABŞ, Türkmənistan, Türkiyə, Özbəkistan, İsveçrə, Estoniya kimi ölkələrin dövlət nümayəndələri iştirak edib.