"Prezidentin Danimarka səfəri, məlum olduğu kimi, 7-ci Avropa Siyasi Sammitində iştirak məqsədi daşıyırdı. Bu sammit çərçivəsində Prezident İlham Əliyev bir sıra mühüm və maraqlı görüşlər keçirib. Aparıcı Avropa siyasətçiləri ilə görüşlər zamanı həm ikitərəfli münasibətlər, yəni Azərbaycanla həmin ölkələr arasındakı əlaqələr müzakirə olunub, həm də Avropa İttifaqı rəhbərliyi ilə Azərbaycan–Avropa münasibətləri ətrafında fikir mübadiləsi aparılıb". Bu fikirləri politoloq İlqar Vəlizadə SİA-ya açıqlamasında bildirib.
O qeyd edib ki, bu görüşlər bir daha göstərdi ki, Avropa üçün Azərbaycan strateji tərəfdaşdır: "Eyni zamanda, Azərbaycan üçün də Avropa mühüm və strateji tərəfdaşlıq istiqaməti olaraq dəyərləndirilə bilər. Son illərdə Azərbaycanın nüfuzu, xüsusilə də Vaşinqton sazişindən sonra daha da yüksəlib. Avropa ölkələrinin rəhbərləri Prezident İlham Əliyevi və Ermənistan Baş nazirini əldə olunmuş nailiyyət münasibətilə təbrik ediblər, həmçinin Azərbaycanla əlaqələri daha da gücləndirmək niyyətlərini açıqlayıblar. Hətta Fransanın Prezidenti Emmanuel Makron belə münasibətləri möhkəmləndirmək üçün müəyyən addımlar atmağa cəhd göstərib, Azərbaycanın nüfuzunu və aparıcı rolunu qəbul etməyə çalışıb.
Azərbaycan-Danimarka münasibətləri də bu kontekstdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan uzun illərdir Danimarka ilə diplomatik əlaqələr saxlayır, müxtəlif sahələrdə əməkdaşlıq mövcuddur. Doğrudur, digər Avropa ölkələri ilə müqayisədə bu münasibətlər o qədər də geniş inkişaf etməyib. Lakin səfər çərçivəsində keçirilən görüşlər və Danimarka rəhbərliyi ilə aparılan təmaslar göstərir ki, yaxın illərdə Azərbaycan-Danimarka əməkdaşlığı daha intensiv inkişaf edə bilər.
Tərəfləri birləşdirən ortaq maraqlar da var. Xüsusilə Danimarka yaşıl enerji istehsalı sahəsində dünyanın qabaqcıl ölkələrindən biridir və bu ölkənin təcrübəsi Azərbaycanın bərpa olunan enerji potensialının inkişafında tətbiq oluna bilər. Sammit çərçivəsində məhz bu məsələlərə dair fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq imkanlarının dəyərləndirilməsi diqqət mərkəzində olub".