"Əgər islahatları diqqətə alacağıqsa, biz əvvəlki illərlə indiki ili müqayisə etməliyik. Məsələn, 10-15 il əvvəllə indiki dövrü müqayisə etdikdə təhsildə ciddi irəliləyişlər görmək mümkündür. Bu irəliləyişlər arasında xüsusi olaraq direktorların işə qəbulu prosesini qeyd etmək olar". Bu sözləri SİA-ya açıqlamasında təhsil eksperti Ramin Nurəliyev deyib.
Onun sözlərinə görə, əvvəllər bu məsələ fərqli yollarla həyata keçirilirdisə, indi imtahan yolu ilə şəffaf şəkildə baş tutur: "Eyni zamanda müəllimlərin işə qəbulu, şagirdlərin məktəblərə yerləşdirilməsi elektron sistem üzərindən aparılır. Bu isə rüşvət və digər neqativ halların qarşısını almağa imkan verir.
Son illərdə tətbiq edilən sertifikasiya imtahanları da təhsil sahəsində mühüm yeniliklərdəndir. Bu proses nəticəsində öz ixtisası üzrə zəif nəticə göstərən müəllimlər müəyyənləşdirilir, onlara təkrar şans verilir və ya əmək müqaviləsinə xitam verilir. Ali təhsil müəssisələrində də rüşvət faktlarının minimuma enməsi və tədris keyfiyyətinin yüksəlməsi müşahidə olunur. Bununla belə, praktiki biliklərə üstünlük verilməsi istiqamətində hələ də müəyyən çatışmazlıqlar qalmaqdadır. Olimpiadaların təşkili isə əvvəlki illərlə müqayisədə daha yüksək səviyyədə aparılır. Məsələn, biologiya üzrə final mərhələsinin artıq təcrübə əsaslı keçirilməsi bunun bariz nümunəsidir. Şagirdlərin məktəblərarası köçürülməsi də bu gün elektron sistemlə daha şəffaf şəkildə reallaşır.
Digər mühüm yeniliklər arasında ikili diplom proqramlarının genişlənməsini, hökumətlərarası təqaüd layihələrinin tətbiqini və xarici tələbələrin sayının artmasını göstərmək olar. Məktəbəqədər təhsil müəssisələrinin Elm və Təhsil Nazirliyinə verilməsi ilə bu sahədə də ciddi irəliləyişlər baş verib. Artıq sertifikasiya prosesi məktəbəqədər sahəyə də şamil olunacaq. Əvvəllər bəzi məktəb rəhbərlərinin təhsil ocaqlarını kommersiya obyektinə çevirməsi halları müşahidə olunurdusa, indi bu hallar minimuma endirilib, nəzarət gücləndirilib və yoxlamalar aparılır.
Ümumilikdə, mərhələli şəkildə aparılan islahatlar təhsil sahəsində real nəticələrini verməkdədir. Gələcəkdə daha böyük inkişaf üçün süni intellektlə bağlı dərslərin orta məktəblərdə keçirilməsi vacibdir. Artıq 6-8-ci sinif şagirdləri süni intellektin əsaslarını mənimsəməli, ali məktəblərdə də bu istiqamətdə addımlar atılmalıdır. Dünya texnologiyaya doğru irəliləyirsə, Azərbaycan da bu prosesə ayaq uydurmalıdır".