"Bəşəriyyətin inkişafında və formalaşmasında ən önəmli rol oynayan amillərdən biri informasiyadır. Televiziya bir informasiya vasitəsi kimi bu sahədə çox ciddi rol oynayır. Biz Şərq dünyasının bir parçasıyıq. Şərqin isə özünə məxsus dəyərləri vardır: müdriklik, ailəyə müqəddəs bir ocaq münasibəti, kişilik obrazı, qadınlıq isməti – bütün bunlar Şərq mədəniyyətinin və eyni zamanda bizim mədəniyyətimizin sütunlarıdır". Bu sözləri SİA-ya açıqlamasında İctimai xadim, şəhid ailələrinə dəstək tədbirlərinin təşkilatçısı, xeyriyyəçi, sosioloq Arzu Əliyeva deyib.
Onun sözlərinə görə, bu gün dünyada sürətlə qloballaşma prosesi gedir: "Qloballaşmanın mənfi təzahürlərindən biri mədəniyyətimizə yad olan ənənələrin bizim milli dəyərlər kimi təqdim edilməsidir. Təəssüf ki, bu istiqamətdə televiziyanın da mənfi rolu danılmazdır. Azərbaycanın gələcəyi olan gəncləri düzgün istiqamətləndirməsək, hansı inkişafdan söz gedə bilər? Milli dəyərlərimizin qorunması, ənənələrimizin saxlanılması və onların gənclərə aşılanmasında televiziya mühüm rol oynaya bilər.
Vətən müharibəsində düşmənin üstünə qorxmadan gedən qəhrəman oğullarımızın igidliyini gənclərimizə aşılamaq zəruridir. Şəhid övladının cənazəsi üzərində göz yaşı axıtmayıb “Vətən sağ olsun” deyən anaların ruhunu yaşatmaq vacibdir. Bu mövzuların ictimai şüurda formalaşmasında televiziya mühüm vasitə ola bilər.
Bu gün ölkəmizdə bir reallıq vardır ki, televiziyalarda yayımlanan verilişlərin cəmiyyətə heç də xoş təsir göstərmədiyinin fərqindəyik. Milli düşüncələrə zidd informasiya axını insanların dünyagörüşündə yanlış təsəvvürlər yaradır. Halbuki informasiya bəşəriyyətin inkişafında ən mühüm vasitədir. Əgər biz bu gün Azərbaycanın gələcəyi olan gəncləri düzgün istiqamətləndirməsək, hansı inkişafdan danışmaq olar?
Qloballaşmanın mənfi nəticələrindən biri də mədəniyyətimizə yad obrazların formalaşdırılmasıdır. Halbuki biz Şərqin bir parçasıyıq və Şərqin öz düşüncəsi, təfəkkürü, müdrikliyi, kişilik obrazı və qadınlıq isməti var. Bu dəyərləri hər kəs – kimliyindən və vəzifəsindən asılı olmayaraq – qoruyub saxlamalı və gənclərə aşılamalıdır.
Təəssüf ki, televiziya kanallarında yayımlanan verilişlərin təsiri ilə bu gün ailə dəyərləri ucuzlaşdırılır. Ailələrin dağılması, qarşılıqlı hörmətin unudulması və nəticədə yaranan problemlər də məhz bu yanlış istiqamətləndirmədən qaynaqlanır. Bizim əsas istəyimiz odur ki, maarifləndirici sosial verilişlər təşkil olunsun, efirlərə nümunə cütlüklər dəvət edilsin və onların gənclərə verdiyi tövsiyələr önə çəkilsin.
Xalqımızın tarixi qəhrəman oğul və qızlarının nümunələri gənclərin formalaşmasında mühüm rol oynaya bilər. Əksinə, ictimai qınaq obyekti ola biləcək problemlərin efirdə müzakirəsi və ailə dəyərlərinə zidd şəkildə təqdim olunması yolverilməzdir. Belə məsələlərin həlli yolu heç də televiziya ekranları olmamalıdır".