Şəhid Şamo Rəhimovun xatirəsi anılıb...

2 Oktyabr 2025 18:51 (UTC+04:00)

44 günlük Vətən müharibəsinin şəhidi Rəhimov Şamo Heydər oğlunun anım günündə məzarı ziyarət olunub. Onun şərəfli həyat yolu bir daha xatırlanıb.

SİA yerli mənbələrə istinadən xəbər verir ki, şəhidin anım günündə ailəsi ilə bərabər rayon icra hakimiyyətinin əməkdaşları, təhsil və mədəniyyət işçiləri, qazilər, kənd ziyalıları və sakinlər iştirak ediblər. Çıxış edənlər Şamonun Vətənə sevgisindən, döyüşlərdə göstərdiyi şücaətdən danışıblar.

Bildirilib ki, Şamo Rəhimov 1982-ci il sentyabrın 8-də Füzuli rayonunun Kərimbəyli kəndində anadan olub. Həqiqi hərbi xidmətə ruh yüksəkliyi ilə yollanan Şamo xidməti dövründə də fərqlənib. Sonra müddətdən artıq həqiqi hərbi xidməti seçərək Vətənin keşiyində dayanıb.

Aprel döyüşlərində qəhrəmanlığı ilə seçilib. Vətən müharibəsində də ön sıralarda döyüşə qoşulub. Bir çox strateji yüksəkliyin azad olunmasında fəallıq göstərən Şamo oktyabrın 1-də gərgin döyüşlər zamanı şəhidlik zirvəsinə yüksəlib. Kərimbəyli kənd qəbiristanlığında dəfn olunub.

Prezident İlham Əliyevin sərəncamları ilə Şamo Rəhimov ölümündən sonra III dərəcəli "Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, "Cəsur döyüşçü", “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.