Xalqın etimadını doğruldanlar
“Deputatlar seçicilərlə daim təmasda olmalı,
onların problemləri ilə maraqlanmalıdırlar”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Hər bir xalq müəyyən sosial-ictimai şəraitə, həyatın amansız reallıqlarına cavab olaraq, öz mədəni-mənəvi varlığının dərinliklərindən, görkəmli filosoflar, mütəfəkkirlər, elm adamları üzə çıxarır. Və bu xüsusi kateqoriya insanlar, qeyri-adi fərdlər həyatları boyu və yaradıcılıqları dövründə böyük çətinliklərlə üzləşdiklərindən, onları dəf etməli olurlar.
Azərbaycan xalqının mədəniyyəti və intellekti də, torpaqlarını işğalçılardan və təcavüzkarlardan müdafiə etmək üçün canlarını vermiş mütəfəkkirlərin, alimlərin, mühəndislərin, inşaatçıların, döyüşçülərin varlığı ilə qiymətləndirilir. Onlarsız nə millət, nə bu gün, nə gələcək var. Hər birinin öz məqsədi var və hər biri öz heyrətamiz əməlləri və diqqətəlayiq nailiyyətləri ilə yer üzündə, öz xalqının həyatında parlaq iz qoyur. Beləliklə, onlar gələcək nəsilləri üçün daha yaxşı gələcəyə zəmin hazırlayırlar.
Ona görə də bütün xalqların tarixində özlərinin orjinal düşüncələri, dünyanın, insanın, mədəniyyətin, mənəviyyatın, dinin, dövlətin mahiyyəti haqqında mülahizələri və təhlilləri ilə dünya miqyasında tanınmağa nail olmuş mütəfəkkirlərin adı bu günə qədər yaşamaqdadır. Məsələn, yunanlar arasında Sokrat, Platon, Demokrit və Aristotel, almanlar arasında Leybniz, Kant, Höte və Hegel, fransızlar arasında Volter, Dekart və A. Berqson, ingilislər arasında Q. Berkli, F. Bekon, Q. Spenser, B. Rassel və başqaları var. Azərbaycan da dünyaya Nizami Gəncəvi, Məhəmməd Füzuli, Səməd bəy Mehmandarov, Əliağa Şıxlinski, Hacı Zeynalabdin Tağıyev, Üzeyir Hacıbəyli, Heydər Əliyev, Yusif Məmmədəliyev, Səttar Bəhlulzadə, Həzi Aslanov, Niyazi, Kərim Kərimov, Qara Qarayev, Lütfi Zadə, Fikrət Əmirov, Bəxtiyar Vahabzadə, Azad Mirzəcanzadə, Müslüm Maqomayev və sair kimi fenomen şəxsiyyətlər bəxş etmişdir.
Müstəqil Azərbaycanın müasir dövrdə görkəmli filosof-alimi, ictimai-siyasi xadim, Milli Məclisin deputatı, fəlsəfə üzrə fəlsəfə doktoru Cavanşir Feyziyevin həyat və yaradıcılıq yolu da bu sırada yer alır, desək, əsla yanılmarıq. Bu yüksək intelektual şəxsiyyətin yaradıcılığı gərgin əmək, iradə, qətiyyət, mürəkkəb intellektual və mədəni problemlərin həlli ilə formalaşıb. Alim və ictimai-siyasi xadim Cavanşir Feyziyev müstəqilliyin müxtəlif illərində dərin fəlsəfi düşüncələri ilə fəal siyasi fəaliyyətini birləşdirmiş və ictimai-siyasi proseslərə təsir etmək imkanları ilə seçilmişdir.
Bu yazımda mən Cavanşir Feyziyev haqqında sadəcə bir filosof-alim, ictimai-siyasi xadim kimi deyil, həm dövlətinə, elinə-obasına bütün varlığı ilə dayaq durmağı borc, vəzifə bilən bir insan, Azərbaycanın xeyirxah övladı kimi söz açmaq istəyirəm. Cavanşir müəllim haqqında danışan insanların səmimiyyətindən aydın olur ki, o, təkcə ictimai-siyasi məsuliyyət daşıyan deputat deyil, həm də xalqın içində olan, el-obanın dərd-sərini öyrənib, onlara biganə qala bilməyən bir mesenat-ziyalıdır.
Söz vaxtına çəkər. Ötən ilin payızında qədim Şəki şəhərində qonaq olanda insanlarla ünsiyyətdə bu həqiqəti daha dərindən dərk etdim. İstır şəhər sakinləri, istər kəndlilər, istər ziyalılar eynən bir adam kimi Cavanşir Feyziyevin adını ehtiramla çəkir, onun gördüyü işlərdən fəxrlə danışırdılar
Kimsə onun tələbələrə, müəllimlərə göstərdiyi dəstəyini xatırladır, kimsə şəhid ailələrinə və qazilərə verdiyi mənəvi dayaqdan söz açır, bir çoxları da Milli Məclisdəki çıxışların adiqqət çəkirdi. Hər bir insanın danışdıgında ortaq bir məqam vardı: səmimiyyət, razılıq və etimad.
Əlbəttə bu, Cavanşir Feyziyevə bir deputat kimi etimad göstərən insanlara sayğısı və diqqəti kimi qəbul ediləcək. Lakin bu, elm və ictimai xadimin regionda görünən bir süimasıdır və dar bir çəçivədəki fəaliyyətinin bir göstəricisidir. Lakin Cavanşir Feyziyevin fəaliyyət dairəsi bu çərçivədən çox, həm də olduqca genişdir və Azərbaycan sərhədlərini aşıb keçir. O, həm ölkə daxilində, həm də beynəlxalq aləmdə Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün neçə illərdir ki, dövlətimizin bədxahlarına qarşı öz fəlsəfi mülahizələri ilə əsl mənada informasiya savaşı açıb. Onun Avropa İttifaqı təsisatlarında, ümumən bu məkanda xarici dillərdə səlis, mükəmmək arqumentlərlə çıxışları, Qarabağ həqiqətlərini təbliği bu gün də geniş rəğbətlə xatırlanır.
Haqqında oxuduqlarım, öyrəndiklərim və bildiklərim belə deməyə əsas verir ki, Cavanşir Feyziyev hər şeydən əvvəl, öz dövrünün ziyalısı kimi bu mandatın məsuliyyətini dərk edən bir şəxsiyyətdir. Təbii ki, bu adı özü-özünə verə bilməzdi. Onu ziyalı edən yüksək təhsili, yüksək daxili mədəniyyəti və əxlaq prinsipləri, güniş dünyagörüşü və əlbəttə qeyd etdiiyim kimi, ictimai məsuliyyəti ilə seçilməsidir. Cavanşir Feyziyev yüksək intellektual səfiyyəyə baxmayaraq, özünü daim inkişaf etdirməyə və empatiyaya malik bir şəxsiyyətdir.
Əlbəttə, insanın yüksək təhsili, bir neçə diplomu, yüksək mədəniyyəti ola bilər. Amma bu hələ ziyalı olmaq demək deyil. Ziyalı eyni zamanda vicdanlı olmalı, başqalarının iztirab və əzablarını qəbul etməyi bacarmalıdır. Cavanşir müəllim məhz belə ziyalılardandır. Həyatda onunla rastlaşan kim olur-olsun onunla ünsiyyət qurmağın nə qədər asan və xoş olduğunu anlaya bilir. Onun cəmiyyətdə tutduğu mövqedən asılı olmayaraq insanlarla gözəl davranışı, zəkası, xoşməramlı yanaşması ilə onları ovsunlaması diqqət çəkən yüksək insani keyfiyyətlərindəndir.
Cavanşir Feyziyev doğru-dürüst olmağı üstün tutan və yalana dözə bilməyən bir şəxsiyyətdir. Onun üçün istənilən yalan təhqirdir. Onun düşüncəsinə görə, özünü daha vacib göstərmək üçün başqalarının gözlərinə pərdə çəkmək və yalan danışmaqdansa susmaq daha məqbuldur. tuturlar.
Cavanşir Feyziyev öz istedadını daim inkişaf etdirməyə son dərəcə çox maraqlıdır. Bir alim olaraq öz qabiliyyətlərini, bacarıqlarını, qabiliyyətlərini və istedadlarını qiymətləndirir və onları “torpağa basdırmağa” yox, mümkün qədər inkişaf etdirməyə çalışır. Bunun üçün vaxt və digər resurslar tapır, çünki bu, onun üçün vacibdir. Onun zəngin elmi fəaliyyəti, çoxsaylı kitabları, tərcümələri, publisistik məqalələri elmi ictimaiyyət tərəfindən daim diqqətdə saxlanılır. Lakin Cavanşir Feyziyevi başqalarından fərqləndirən əsas cəhət, onun mənəviyyatından doğan işıqdır. Bu işıq insanlara yol göstərir, ümid bəxş edir, inam oyadır.
Şəkidə ondan söz düşəndə insanlardan tez-tez belə fikirlər eşidirdim: “Bizim deputatımızın sözü də, əməli də işıq kimidir.” Bu ifadə bir təsadüf deyil, insanların qəlbindən gələn dərin bir etirafdır.
El üçün döyünən qəlbi narahat,
Xalqın ürəyidir bax, onun yeri.
Hər dəfə səfərə gedən deputat
Qəlbində aparır seçiciləri.
Millət vəkili Cavanşir Feyziyev haqqında düşünəndə istər-istəməz bu poetik misraları xatırladım və belə qənaətə gəldim ki, elə ürəkdən gələn bu fikirlər daim seçiciləri arasında olan, onların problemləri ilə yaşayan və uzaq səfərlərə çıxanda da seçicilərini qəlbində aparan Cavanşir müəllimə ünvanlanıb.
Əslində Cavanşir müəllim özü də şair təbiətlidir. Poeziyanın gözəlliyini, emosional təsirini yaxşı dərk edir və dəyərləndirir. Kütləvi informasiya vasitələrində imzasına tez-tez rast gəlinir. Müxtəlif mövzularda yazdığı və bir çox problemlərin həllinə mənəvi dəstək verən saysız-hesabsız məqalələrin müəllifidir. Hətta bir neçə şeir, nəsr, o cümlədən mənim kitablarıma ön söz, başqa sözlə desək, elmi təhlil yazıb. Təbii ki, bu mətbu məqalələr, ədəbi-tənqidi yazılar onun çoxcəhətli fəaliyyətinin cüzi bir hissəsidir. Lakin Cavanşir Feyziyevi daha çox ictimai-siyasi xadim, alim və xalqın elçisi kimi tanıyırlar.
Təcümeyi halında qısa arayış: 1963-сü ildə Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olan Cavanşir Feyziyev 1970-1977-ci illər ərzində doğulub boya-başa çatdığı kənddəki orta məktəbdə təhsil alır, 1977-1980-ci illərdə isə, Turan qəsəbəsindəki riyaziyyat təmayüllü internat məktəbində orta təhsilini uğurla başa vurur. O, 1983-1985-ci illərdə Qazaxıstanda həqiqi hərbi xidmətdə olur və 1986-1991-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun (indiki Azərbaycan Slavyan Dilləri Universitetinin) tərcümə fakültəsində ali təhsil almağa müvəffəq olur.
Qeyd edək ki, məktəbli ikən elmə-təhsilə olduqca önəm verir və ali təhsil ocağını fərqlənmə diplomu ilə başa vurur. Bir ziyalı olaraq ilk əmək fəaliyyətinə ali təhsil aldığı institutdan başlayır və 1992-1994-cü illərdə bu institutun tərcümə kafedrasında müəllim kimi çalışır. 1994-1995-ci illərdə isə Belçikanın “Sərhədsiz həkimlər” humanitar təşkilatında tərcüməçi və inzibatçı vəzifələrini daşıyıb. 1995-1998-ci illərdə ABŞ-nın Filip Morris inğ. “Philip Morris” şirkətinin Qafqaz nümayəndəliyində Azərbaycan üzrə şöbə müdiri təyin olunub. 1998-2002- illərdə inğ. “Planet Co. Ltd” şirkətinin təsisçisi və direktoru, hətta 2002-2010-cu illərdə “AvroMed” şirkətinin həmtəsisçisi və baş direktoru kimi əmək fəaliyyətini davam etdirib. Hal-hazırda inğ. “Tour-İnvest” şirkətinin və inğ.”Discovery Azerbaijan” elmi-kütləvi jurnalının təsisçi və baş redaktoru vəzifəsini daşıyır.
Cavanşir Feyziyev 2004-2009-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə Sosiologiya və Hüquq İnstitutun dissertantı olur və 2010-cu ilin 7 noyabr parlament seçkilərində Azərbaycan Respublikasının 4-cü çağırış Milli Məclisinə 115 saylı Şəki kənd ikinci seçki dairəsindən deputat seçilir. 2011-ci ildə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitutunun doktorantı olan Cavanşir Feyziyev, 2013-cü ildə Azərbaycan Respublikası Mətbuat Şurasının İdarə Heyyətinə üzv olur və 2015-ci ilin parlament seçkilərində isə, Azərbaycan Respublikasının 5-ci çağırış Milli Məclisinə 115 saylı Şəki kənd ikinci seçki dairəsindən ikinci dəfə deputat seçilir.
O, 2009-cu ilin oktyabr ayında “Etno-siyasi münaqişələrin mənəvi aspektləri” mövzusunda dissertasiya işini müdafiə edir və fəlsəfə doktoru elmi dərəcəsi adına sahib olur. Cavanşir Feyziyevin 2002-ci ildə “Qafqazda etno-siyasi münaqişələr və onların dövlət müstəqilliyinə təsiri” adlı kitabı ingilis dilində, 2008-ci ildə “Sülh fəlsəfəsi” adlı elmi-publisistik kitabı və 2013-cü ildə isə, “Türk Dövlətləri Birliyi: qlobal inteqrasiyanın Avrasiya modeli” adlı kitabı Azərbaycan dilində çap olunur. 2014-2017-ci illərdə “Türk Dövlətləri Birliyi: qlobal inteqrasiyanın Avrasiya modeli” adlı kitabı türk, qazax, qırğız, rus, macar və s.dillərə tərcümə olunur və həmin ölkələrdə kitabın nəşri də həyata keçirilir. Eyni zamanda onun 2017-ci ildə “Türk dünyasının təməl dəyərləri”, “Türk xalqları”, “Türk dövlətçiliyi tarixi”, “Türkşünaslıq” və “Türk dünyasının tarixi şəxsiyyətləri” adlı 5-cildlik toplusu da işıq üzü görür.
Cavanşir Feyziyev Azərbaycan, türk, ingilis, fransız, rus dillərini mükəmməl bildiyindən tərcüməçilik fəaliyyəti ilə məşğul olub. O, 2015-ci ildə Fransa tarixçisi Jorj dö Mallevilin “1915-ci il erməni faciəsi” adlı kitabını Azərbaycan dilinə tərcümə edir və onun nəşrini həyata keçirir. 2016-cı ildə Fransa yazıçısı, “Nobel” mükafatı laureatı Patrik Modianonun “Məhəllədə azmamaq üçün” adlı romanını, 2018-ci ildə Fransa yazıçısı Jan Kristof Rufenin “Böyük ürək” romanını Azərbaycan dilinə tərcümə edir.
İndiyə kimi onun 60-dan çox elmi məqaləsi Azərbaycanın, Türkiyənin, ABŞ-nın, Qazaxıstanın, Ukraynanın və Rusiyanın müxtəlif elmi nəşrlərində dərc olunub. Bundan əlavə, Cavanşir Feyziyevin dövri mətbuatda ictimai-siyasi və tarixi-fəlsəfi mövzulara aid 100-dən çox məqaləsi işıq üzü görüb.
Azərbaycan – Böyük Britaniya, Azərbaycan- Fransa parlamentlərarası işçi qruplarının rəhbəri olan Cavanşir Feyziyev, Azərbaycan Respublikasının Milli Məclisi ilə İsveçrə, Macarıstan, Bosniya-Hersoqovina, Qırğızıstan və Yaponiya parlamentləri arasında işçi qruplarının, türkdilli ölkələrin parlament Assambleyasında Milli Məclis nümayəndə heyətinin, həmçinin AVRONEST Parlament Assambleyasında Milli Məclis nümayəndə heyətinin də üzvüdür. 2017-ci ilin yanvar ayından isə Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri seçilib.
2005-ci ildən “Doscovery Azerbaijan” adlı elmi-kütləvi jurnalın təsisçisi və baş redaktorudur, “Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyəti” İctimai Birliyinin həmtəsisçisidir. 2015-ci ildə Kolmar şəhərinin (Fransa) fəxri səfiri elan olunmuşdur. Cavanşir müəllim 2010-cu ildən Azərbaycan Jurnalistlər, 2018-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
Ötən illər ərzində göstərdiyi elmi və siyasi fəaliyyətinə görə Cavanşir Feyziyev, respublikamızda, həmçinin xarici ölkələrdə fəaliyyət göstərən müxtəlif ictimai təşkilatlar tərəfindən dəfələrlə diplomlarla, fəxri fərmanlarla təltif olunub. Məsələn o, 2005-ci ildə Avropa Biznes Assambleyası (Londin, Oksford) tərəfindən “Şöhrət çələngi” beynəlxalq mükafatı ilə, 2010-cu ildə “Qızıl qələm” media mükafatı ilə təltif edilib. 2010-cu ildə isə Regionların sosial-iqtisadi inkişafı “Dövlət Proqramı”nın həyata keçirilməsində fəal iştirakına və əldə etdiyi nailiyyətlərə görə “Uğur” milli mükafatına layiq görülüb. 2016-cı ildə Beynəlxalq Türk Akademiyasının qızıl medalı ilə, 2016-cı ildə Qazaxıstan Prezidentinin Fərmanı ilə “Qazaxıstan Respublikasının müstəqilliyinin 25 illik yubileyi” medalı ilə, 2018-ci ildə Türk Dünyasının “Şərəf” medalı ilə təltif olunub.
Bütün bunları diqqətə çatdırmaq istəyirik ki, Cavanşir Feyziyev hansı vəzifədə çalışmasına baxmayaraq ilk növbədə milli mənsubiyyətindən doğan bacarığını, iş qabiliyyətini, yüksək mənəvi səviyyəsini ortaya qoyub.
Təbii ki, bu, onun deputatlıq fəaliyyətində də qabarıq görünür. Elə bu səbəbdəndir ki, Şəki rayonunda yoxsul kəndçi ailəsindən çıxan Cavanşir Feyziyev sonralar Azərbaycanın tanınmış ləyaqətli övladına çevrilir.
Cavanşir müəllimlə söhbətin hər məqamı zəngin təəssürat yaradır. Bir söhbətimizdə dedi:
-Müasir dövr öz mahiyyətinə görə çox fərqlidir. Gərək həmişə irəli baxasan, öz fəaliyyətini dövrün tələblərinə uyğun qurasan. Təbii ki, bu sahədə Azərbaycanın gözəl nümunəsi var. Bu da ilk növbədə cənab Prezident İlham Əliyevin müdrik xarici və daxili siyasətinin nəticəsidir. Təsadüfi deyil ki, dövlət başçısını məqsədyönlü fəaliyyəti ilə bütün dünyada tanınan ölkəmizlə hamı hesablaşır, hətta bir çox ölkələrdə Azərbaycan təcrübəsi tətbiq edilir. Fikrimcə, hər bir vətəndaş bunu dərk etməli və öz Prezidenti, Vətəni ilə qürur duymalıdır...
Bir xatırlamanı da yada salaq ki, Sovet İttifaqının dağılması səbəbindən Cavanşir Feyziyev 1995-ci ildə özəl sektora üz tutur və o, əvvəlcə ABŞ-nın məşhur bir şirkətində çalışır. Daha sonra onun özü şirkət açır və bizneslə məşğul olur. Yeni – yeni iş yerləri açır və uğurlu biznes fəaliyyəti ilə məşğul olub həm özü qazanır, həm də dövlətimizin vergisini ödəyir. Unutmaq olmaz ki, o, indiyə kimi minlərlə yoxsula, ehtiyacı olanlara, kimsəsizlərə, tənha yaşayanlara əl tutub, lazımi köməkliklər göstərib, tələbələrə, müəllimlərə, xəstələrə və s. yardımlar çatdırıb.
44 günlük Vətən müharibəsində Cavanşir Feyziyevin ordumuza, şəhid ailələrinə, qazilərə, müharibə veteranlarına göstərdiyi köməklikləri unutmaq ən böyük insafsızlıq olar. Qeyd edək ki, Cavanşir Feyziyev elə bir xarakterik xüsusiyyətə malik şəxsdir ki, o, etdiyi köməklikləri heç zaman reklam etməyin tərəfdarı olmayıb. Belə ki, MM-in deputatı olaraq hər zaman müzakirə olunan məsələlərə müstəqil yanaşmasını ortaya qoyub, daim seçiciləri ilə təmasda olub, onların problemləri ilə maraqlanıb və həllinə çalışıb. Bir neçə xarici dil bilən Cavanşir Feyziyev Beynəlxalq Münasibətlər Komitəsinin üzvü olaraq hər zaman xarici ölkələrin parlamentləri ilə əlaqələrin möhkəmləndirilməsində, Azərbaycan həqiqətlərinin və ən əsası Qarabağ münaqişəsi ilə bağlı ölkəmizin haqlı mövqeyinin dünyaya çatdırılmasında yaxından iştirak edir.
Bir faktı da qeyd edək ki, 2017-ci ildə Cavanşir Feyziyev Azərbaycan –Aİ Parlament Əməkdaşlıq Komitəsinin həmsədri seçiləndə öz çıxışlarında Qarabağ həqiqətlərini dəlil-süburlarla diqqətə çatdırıb. Hətta vəziyyət o dərəcəyə çatıb ki, erməni həmkarları və Avropada fəaliyyət göstərən erməni lobbisi sərgilənən haqlı mövqeyin qarşısında dərin narahatlıq hissi keçirib.
Hər bir insanın həyatda öz seçimi, öz mövqeyi olur. Təbii ki, bu mövqe milli təəssübkeşlikdən, vətənpərvərlikdən, el-obanın problemlərindən keçəndə həmin adamın bir şəxsiyyət kimi bütövlüyü diqqəti cəlb edir. Cavanşir Feyziyev məhz xalq, eləcə də doğma el-oba tərəfindən qəbul olunan şəxsiyyətdir. Bu yüksək mənəvi keyfiyyətlər onun zəngin mənəvi aləmindən irəli gəlir. Mənəviyyatdan doğan işıq heç vaxt tükənmir. Cavanşir müəllimin mənəviyyatından gələn işıq çoxlarının həyat yoluna nur saçıb və saçmaqdadır.
Bəxtiyar HÜSEYNOV,
Azərbaycan Yazıçılar və Jurnalistlər Birliyinin üzvü