"Böyük Qayıdış proqramının reallaşdırılması Azərbaycanın 44 günlük Qarabağ müharibəsindən sonra başladığı strateji bir yoldur və bu yolu ölkəmiz özü müəyyənləşdirib". Bu sözləri SİA-ya açıqlamasında politoloq Ramiyə Məmmədova deyib.
Politoloqun sözlərinə görə, məqsəd insanların doğma yurdlarına qayıdışı və Qarabağ torpaqlarının yenidən Azərbaycanın tam nəzarətinə keçməsidir: "30 il ərzində beynəlxalq səviyyədə belə Qarabağ daha çox Ermənistan torpağı kimi təqdim olunurdu. Bu yanaşma təkcə regionun siyasi reallıqlarını deyil, həm də Azərbaycanın haqq səsini kölgədə qoymağa xidmət edirdi. İndi isə Dağlıq Qarabağ əhalisinin geri qayıdışı bu yanlış təsəvvürləri aradan qaldırmaq baxımından böyük əhəmiyyət daşıyır. Bu proses bir tərəfdən tarixi ədalətin bərpası, digər tərəfdən Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi deməkdir. Proqram həm siyasi, həm iqtisadi, həm də strateji baxımdan dövlətimizin maraqlarına xidmət edir. Strateji baxımdan torpaqların bərpası, əhalinin məskunlaşdırılması və bölgənin dirçəlməsi əsas hədəfdir. İqtisadi planda yeni texnologiyaların tətbiqi, şəhərsalma layihələri, infrastrukturun qurulması və kənd təsərrüfatının inkişafı bölgənin gələcək perspektivlərini müəyyən edir. Siyasi cəhətdən isə Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi beynəlxalq səviyyədə ciddi uğur hesab olunur və regionda sabitliyin əsasını qoyur. Bununla belə, proses müəyyən risklərdən də azad deyil. Xarici kreditlərin qaytarılması iqtisadi baxımdan əlavə yük yarada bilər. Xarici şirkətlərin fəaliyyəti isə yerli sahibkarlıq mühitinə müəyyən təsir göstərə bilər. Eyni zamanda, regionda maraqları olan digər dövlətlərin geopolitik niyyətləri, təsir cəhdləri və mümkün təxribatları da nəzərdən qaçırmaq olmaz. Amma bütün bu çətinliklərə baxmayaraq, Azərbaycan düzgün və balanslı siyasət yürüdür. Həm innovasiya, həm xarici sərmayə, həm də yeni iş yerlərinin yaradılması istiqamətində atılan addımlar Böyük Qayıdışın uğurla həyata keçirilməsinə xidmət edir. Ən əsası isə bu proqram insanların doğma torpaqlarına qayıdışını, onların sosial rifahını və Qarabağın yenidən dirçəlməsini təmin edir.
Böyük Qayıdış Proqramı yalnız iqtisadi layihə deyil, həm də milli yaddaşın, tarixi ədalətin və dövlətçilik iradəsinin təntənəsidir. Bu gün Qarabağa qayıdan hər bir azərbaycanlı həm öz ata-baba yurdunu, həm də Azərbaycanın gələcəyini yenidən qurur".