"Dünənki "Qarabağ"ın qazandığı qələbə bir daha bütün Azərbaycan xalqını sevindirdi və göstərdi ki, bu uğurlar heç də təsadüfi deyil. Artıq "Qarabağ" o kiçik klub statusundan, hətta ortadan komanda səviyyəsindən də yuxarıya qalxmaq yolundadır". Bunu SİA-ya açıqlamasında futbol veteranı, Avropa və dünya çempionu olmuş Arif Əsədov deyib.
Onun sözlərinə görə, bu gün "Qarabağ"la Avropanın top klubları, hegemon komandaları hesablaşmağa məcburdur: "Oyundan sonra Kopenhagenin baş məşqçisinin də dediyi kimi, "Qarabağ" artıq bir klub olaraq öz adını dünyaya eşitdirməyi bacarıb. Bu qələbə komandada inam və güvən formalaşdırmaqla yanaşı, növbəti oyunlar üçün də əlavə stimul yaradır. Artıq futbolçular özlərini daha inamlı hiss edir, qarşıdakı oyunlarda da uğur qazanmaq gücünə sahib olduqlarını göstərirlər. "Qarabağ" komandasını və bütün Azərbaycan xalqını bu qələbə münasibətilə təbrik etmək olar. Çünki "Qarabağ" həm məzmunlu, həm də layiqli oyunu ilə bir daha bizləri sevindirdi və futbolumuzun inkişafına böyük töhfə verdi.
Oyunun gedişatına nəzər saldıqda isə birinci və ikinci hissə arasında müəyyən fərqlər sezilirdi. İlk hissədə "Qarabağ"ın aydın üstünlüyü hiss olunurdu. İkinci hissədə isə rəqib hücuma keçərək oyunda dönüş yaratmağa çalışdı. Lakin sonda Qurban Qurbanovun verdiyi düzgün qərarlar və etdiyi taktiki dəyişikliklər oyunun taleyini "Qarabağ"ın xeyrinə həll etdi. Bu, həm baş məşqçinin peşəkarlığını, həm də komandanın birliyini göstərən mühüm nüans idi.