Hər bir xalqın tarixində elə şəxsiyyətlər vardır ki, onlar Vətən naminə gördükləri işlərlə və atdıqları addımlarla xalqın qəhrəmanlıq rəmzinə, xilaskarına çevrilmiş, illər ötsə də yaddaşlarda və qəlblərdə daim yaşamışlar. Belə şəxsiyyətlər dövlətin ən ağır və qaranlıq dönəmlərinə nur saçaraq xalqını xilas etmiş, adlarını dövlətçilik salnaməsinə əbədi həkk etdirmişlər.
Şübhəsiz ki, Ulu Öndərimiz, ÜmumilliLider Heydər Əliyev də Azərbaycan xalqının əvəzsiz şəxsiyyəti, əbədi qəhrəmanıdır.Xalqımız Ümumilli Liderinin əziz xatirəsini daima yad edir, onun vətəni üçün etdiyi əvəzsiz xidmətləri heç vaxt unutmur.
1991–1993-cü illərdə Azərbaycan dərin siyasi və iqtisadi böhranla üz-üzəqaldı.Hökumətdə yaranan hərc-mərclik dövlət idarəçiliyinə mənfi təsir göstərir, xalq isə hər gün yeni çətinliklərlə qarşılaşırdı. Bir tərəfdən Ermənistanla müharibə aparan Azərbaycan, digər tərəfdən daxildə sabitliyin olmamasısəbəbindən ağır sınaqlardan keçirdi. İdarəçiliyin qeyri-peşəkar və səriştəsiz şəxslərin əlində cəmlənməsi ölkədə xaos yaratmış, iqtisadiyyat isə tamamilə sarsılmışdı.
Belə ağır bir şəraitdə xalq nicat yolunu yalnız öz xilaskarında gördü. 1993-cü ilin yayında xalqın təkidi ilə Heydər Əliyev Naxçıvandan Bakıya dəvət olundu.Onunrəhbərliyi ilə dövlət idarəçiliyində ciddi islahatlara başlanıldı, sabitlik və qayda-qanunun bərpası üçün qətiyyətli addımlar atıldı. Ulu Öndərin müdrik siyasəti sayəsində Azərbaycan böhran və xaosdan xilas edilərək inkişaf yoluna çıxarıldı.
3 oktyabr 1993-cü ildə keçirilmiş prezident seçkiləri isə ölkəmizin tarixində yeni mərhələnin başlanğıcı oldu. Xalq öz üzərinə düşən məsuliyyəti dərindən dərk edərək Heydər Əliyevi böyük səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçdi. Bu taleyüklü seçim müasir, suveren və qüdrətli Azərbaycan dövlətinin əsasını qoydu.
Heydər Əliyevin ömrünü Azərbaycan Respublikasının inkişafına həsr edəcəyi artıq andiçmə mərasimindəki çıxışından bəlli idi. Ulu Öndər həmin nitqində bildirmişdi: “Bu gün mənim üçün tarixi, əlamətdar gündür. Mənə göstərilən bu böyük etimada görə Azərbaycan xalqına dərin ehtiramımı bildirir və əmin edirəm ki, ömrümün sonuna qədər xalqıma sədaqətlə xidmət edəcək, bütün fəaliyyətimi respublikamızın gələcək inkişafına sərf edəcəyəm.”
Xalq arasında “Ulu Öndər” kimi sevilən və millətin məhəbbətini qazanmış Heydər Əliyev, Azərbaycanın dövlətçiliyinin möhkəmləndirilməsi, sabit və güclü bir respublikanın qurulması naminə yorulmadan fəaliyyət göstərmişdir. Onun müdrikliyi və qətiyyətli rəhbərliyi sayəsində ölkəmiz çətin sınaqlardan çıxaraq sabitlik və inkişaf yoluna qədəm qoymuşdur.
Heydər Əliyevin qlobal baxışı, geniş dünyagörüşü və reallığa əsaslanan siyasəti Azərbaycanın taleyində həlledici rol oynamışdır. Ulu Öndər yalnız ölkə daxilində deyil, beynəlxalq müstəvidə də böyük hörmət qazanaraq yüksək səviyyəli dövlət xadimi kimi tanınmışdır. Onun peşəkarlığı və strateji düşüncə tərzi, siyasət meydanında ona “siyasət qrosmeysteri”, “siyasət nəhəngi” və “siyasət patriarxı” kimi titullar qazandırmışdır.
Ulu Öndərin yalnız siyasi fəaliyyəti deyil, natiqlik bacarığı da xalqın yaddaşında dərin iz buraxmışdır. Onun çıxışları hər zaman milləti ruhlandırır, insanlara ümid və inam aşılayırdı. Heydər Əliyevin nitqlərində siyasi ideyalarla yanaşı, xalqın tarixi, mədəniyyəti və milli-mənəvi dəyərləri də öz əksini tapırdı. O, xalqın dilində danışaraq onların ürəyindən keçənləri ifadə edir, hər mövzuya analitik və dərin yanaşması ilə fərqlənirdi.
Xalqın tələbi ilə siyasi arenaya qayıdan Heydər Əliyev qısa müddətdə Azərbaycanı siyasi xaosdan çıxarıb sabitliyi bərpa etdi. Onun rəhbərliyi ilə müstəqilliyin qorunması istiqamətində həlledici addımlar atıldı. Dövlət quruculuğu prosesində əvəzsiz rol oynayan Ulu Öndər, ölkəni dağılmaq təhlükəsindən xilas edərək iqtisadiyyatın, təhsilin və ordunun möhkəmlənməsinə yönəlmiş mühüm islahatlar həyata keçirdi.
Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycanın siyasi və iqtisadi suverenliyi təmin edildi, ölkədə sabitlik bərpa olundu və iqtisadi yüksəlişin möhkəm təməli qoyuldu. Bu illərdə həyata keçirilən neft strategiyası, xüsusən Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft kəmərinin inşası və digər enerji layihələri ölkəyə həm siyasi, həm də iqtisadi güc qazandırdı. Onun rəhbərliyi altında Azərbaycanın beynəlxalq nüfuzu yüksəldi və respublika dünya arenasında söz sahibi olan müstəqil bir dövlətə çevrildi.
Heydər Əliyevin həyata keçirdiyi neft strategiyası Azərbaycanın dünya enerji bazarında aparıcı mövqeyə yüksəlməsində mühüm rol oynamışdır. 1994-cü il sentyabrın 20-də dünyanın 8 ölkəsinin 13 böyük neft şirkəti ilə imzalanan və “Əsrin müqaviləsi” kimi tarixə düşən sənəd ölkəmizin zəngin neft ehtiyatlarının beynəlxalq əməkdaşlıq əsasında səmərəli istismarını təmin etdi. Bu müqavilə Azərbaycanın iqtisadi qüdrətini möhkəmləndirdi, ölkəyə iri həcmli xarici investisiyaların axınını sürətləndirdi və enerji təhlükəsizliyinin təmin olunmasına şərait yaratdı. Uğurla reallaşdırılan neft strategiyası nəticəsində Azərbaycan qısa zamanda dünya enerji bazarında əsas oyunçulardan birinə çevrildi.
Heydər Əliyevin xarici siyasətində Azərbaycanın coğrafi mövqeyindən, təbii sərvətlərindən və iqtisadi potensialından maksimum istifadə edilməsi əsas prioritetlərdən biri idi. Onun uzaqgörən təşəbbüsləri sayəsində ölkəmiz beynəlxalq enerji layihələrinin, xüsusilə də neft və qaz kəmərlərinin çəkilməsi prosesində aparıcı rol oynadı. “Böyük İpək Yolu” nun bərpası, Avropa–Qafqaz–Asiya nəqliyyat dəhlizinin yaradılması kimi təşəbbüslər Azərbaycanın beynəlxalq nəqliyyat və logistika mərkəzinə çevrilməsinə zəmin yaratdı. Nəticədə, respublika dünya ticarət yollarının kəsişməsində strateji bir dövlət kimi formalaşdı.
Ulu Öndərin siyasi irsində xüsusi yeri olan milli ideologiya isə Azərbaycan xalqının mənəvi yüksəlişində mühüm rol oynadı. Onun formalaşdırdığı milli ideologiya yalnız siyasi müstəvidə deyil, həm də mədəni və mənəvi baxımdan xalqı birləşdirən bir qüvvə idi. Bu ideologiya müstəqilliyin qorunmasında, dövlətçiliyin möhkəmləndirilməsində və suverenliyin təmin edilməsində əvəzsiz bir dayaq rolunu oynadı.
Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci il noyabrın 12-də qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası ölkənin demokratik inkişafının hüquqi əsasını yaratdı. Bu sənəd insan hüquq və azadlıqlarınınqorunmasını, hüquqi dövlətin qurulmasını və siyasi sistemin demokratik prinsiplərə uyğun şəkildə formalaşmasını təmin etdi.
Ulu Öndər siyasi islahatlara xüsusi önəm verərək Azərbaycanın demokratik cəmiyyətə inteqrasiyası üçün möhkəm hüquqi baza yaratdı. Onun rəhbərliyi ilə ölkənin siyasi-hüquqi sistemində köklü dəyişikliklər həyata keçirildi. Bu islahatlar nəticəsində senzura ləğv olundu, söz və fikir azadlığı təmin edildi, insan hüquqlarının qorunması istiqamətində mühüm addımlar atıldı. Heydər Əliyevin təşəbbüsü ilə Konstitusiya Məhkəməsi, Ombudsman təsisatı və digər demokratik institutlar yaradıldı, ölüm cəzası ləğv edildi. Bütün bu tədbirlər hüquqi dövlət prinsiplərinin möhkəmlənməsinə xidmət etdi.
Eyni zamanda, Heydər Əliyev Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq müstəvidə ədalətli təqdim olunmasına nail oldu. O, Ermənistanın işğalçılıq siyasətini dünya ictimaiyyətinə çatdırdı,münaqişəninbeynəlxalq təşkilatların gündəminə çıxarılmasına nail oldu və Azərbaycanın mövqeyinin dəstəklənməsini təmin etdi. Onun qətiyyətli siyasəti nəticəsində Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli istiqamətində beynəlxalq danışıqlar aparıldı, Azərbaycanın ərazi bütövlüyünün qorunması prioritet vəzifə kimi irəli sürüldü.
Heydər Əliyevin yaratdığı möhkəm dövlətçilik təməlləri bu gün də öz bəhrəsini verir. O, müasir Azərbaycanı elə bir əsas üzərində qurdu ki, dövlətçilik kursu layiqli davamçı tərəfindən uğurla davam etdirilir. İkinci Qarabağ müharibəsində Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılan tarixi Zəfər və 2023-cü ildə həyata keçirilən antiterror əməliyyatı nəticəsində separatçıların təslim olması, qondarma rejimin ləğvi, ərazi bütövlüyünün və suverenliyin tam bərpa edilməsi, Heydər Əliyev siyasətinin gücünü və davamlılığını bir daha təsdiqlədi.
Bu gün Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı çıxmaq istəyən hər kəs bilməlidir ki, ölkəmiz Heydər Əliyev siyasəti ilə yaşayır və irəliləyir. Bu siyasət müasir Azərbaycan dövlətinin sarsılmaz təməlində dayanır. Onun qurucusu, Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi isə Azərbaycan xalqının yaddaşında əbədi yaşayacaqdır.
Ziyafət Əsgərov
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini