"Yerli bazarda qızılın qiymətinin artması qaçılmazdır" - EKSPERT RƏY BİLDİRDİ

2 Oktyabr 2025 09:54 (UTC+04:00)

"Qızılın dünya bazarında qiymətinin 4000 dollara qədər yüksəlməsi həm qlobal iqtisadiyyatda, həm də Azərbaycan bazarında mühüm təsirlər yaradır. Bu artım əsasən geosiyasi gərginliklərin dərinləşməsi, inflyasiya təzyiqlərinin davam etməsi və investorların daha etibarlı sərmayə vasitəsi kimi qızıla yönəlməsi ilə bağlıdır". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Asif İbrahimov deyib.

Onun sözlərinə görə, yerli bazarda qızılın qiymətinin artması qaçılmazdır. Dünya bazarında baş verən hər bir kəskin dəyişiklik daxili bazara da təsir edir: "Zərgərlik məhsulları bahalaşır, qızıl əsasında yığılan sərmayələrin dəyəri artır. Bu, əlində qızıl olan şəxslər üçün sərfəli olsa da, yeni qızıl almaq istəyən istehlakçılar üçün çətinliklər yaradır. Valyuta sabitliyinə dolayı təsirlər özünü göstərə bilər. Qızılın bahalaşması əksər hallarda dolların zəifləməsi ilə müşahidə olunur. Bu hal davamlı olarsa, Azərbaycanın valyuta ehtiyatlarının tərkibində saxlanılan qızılın ümumi dəyəri artacaq və bu da ölkənin maliyyə dayanıqlığını gücləndirəcək. İdxal-ixrac balansı baxımından da dəyişikliklər gözləniləndir. Azərbaycan qızılı əsasən idxal etdiyi üçün qiymət artımı idxal xərclərini yüksəldəcək. Eyni zamanda dövlətin ehtiyatlarında saxlanılan qızılın dəyərinin bahalaşması müsbət iqtisadi təsir göstərəcək.

Ümumilikdə, qızılın 4000 dollara qədər bahalaşması Azərbaycan üçün həm imkanlar, həm də risklər yaradır. Bir tərəfdən dövlət ehtiyatlarının dəyəri artır və bu maliyyə sabitliyini gücləndirir, digər tərəfdən isə daxili bazarda qiymətlərin qalxması əhalinin alıcılıq qabiliyyətinə mənfi təsir göstərir".