44 Günlük Zəfər yürüşü zamanı torpaqlarımızın azad edilməsi üçün silaha sarılaraq canlarını fəda edən şəhidlərimizdən olan Bəhruz İbrahimov və Qurbani Əlizadənin xatirəsi anılıb. Müqəddəs amal uğrunda şəhadətə ucalan hər iki şəhidin məzarı ziyarət olunub, onların şərəfli həyatından bir daha söhbət açılıb. SİA-nın bölgə müxbiri xəbər verir ki, şəhidlərin anım mərasimində ailə üzvləri ilə bərabər rayon İcra Hakimiyyətinin əməkdaşları, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Füzuli rayon şöbəsinin nümayəndələri, təhsil və mədəniyyət işçiləri, şəhid ailələri, qazilər, kənd sakinləri və ziyalıları iştirak ediblər.
İbrahimov Bəhruz Fazil oğlu 1983-ci il iyun 22-də Füzuli rayonunun Gövşadlı kəndində anadan olub. Erməni vəhşiliyi nəticəsində on yaşında ailəsi ilə birlikdə doğma ata yurdundan məcburi köçkün düşüb.
Bəhruz uzun illər doğma yurdlarına qayıdacaqları günü gözləyib və hərbçi olmağa hələ yeniyetmə çağlarından qərar verib. Həqiqi hərbi xidməti bitirdikdən sonra da Bəhruz müddətdən artıq hərbi xidmətçi kimi vətənin keşiyində dayanıb. Ömrünün 14 ilini vətənə xidmət edən Bəhruz peşəkar hərbçi idi. Sağlığında fəxri fərmanlarla və qüsursuz xidmətə görə bir neçə medalla təltif edilib. Bəhruzun ilk döyüş yolu Aprel zəfərindən başlayıb. Dörd günlük döyüşlərdə Bəhruz və yoldaşları Lələtəpə istiqamətində düşmən üzərində qələbə qazandılar. Vətən müharibəsində isə tankçı kimi döyüşlərə atılıb. Düşmənin Füzuli istiqamətində qurduğu maneələrin yarılmasında böyük şücaət göstərib. Füzuli və Cəbrayıl istiqamətində gedən döyüşlərə qatılıb, düşmənin xeyli texnika və canlı qüvvəsinin məhv edib. Sonuncu döyüşündə yaralı yoldaşlarına kömək etmək üçün tankın kabinəsindən çıxarkən snayperlə vurulub və şəhidlik zirvəsinə yüksəlib. Bəhruz İbrahimov ölümündən sonra “Vətən uğrunda”, "Cəsur döyüşcü" və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.
Əlizadə Qurbani Ziyafəddin oğlu 1992-ci il iyunun 11-də Füzuli rayonu Yuxarı Kürdmahmudlu kəndində dünyaya göz açıb. Hələ kiçik yaşlarından hərbçi olmaq istəyən Qurbani 2010-cu ilin iyul ayında həqiqi hərbi xidmətə də ruh yüksəkliyi ilə yola düşüb. Nümunəvi əsgər olan Qurbani həqiqi hərbi xidmətini müvəffəqiyyətlə başa vurub. Qurbani 2015-ci ildə yenidən könüllü olaraq N saylı hərbi hissədə müddətdən artıq xidmət edən əsgər kimi vətənin keşiyində dayanıb. Hərbi hissənin rəhbərliyi tərəfindən nümunəvi xidmətinə görə dəfələrlə fəxri fərmanlarla təltif olunub.
2016-cı il Aprel döyüşlərində fəal iştirak edib və komandanlıq tərəfindən mükafatlandırılıb, daha sonra çavuş rütbəsinə layiq görülüb. Vətən müharibəsi başlandığı gündən Qurbani düşmən üzərinə hücuma keçən ilk döyüşçülərdən olub. Qurbani ön cəbhənin yarılmasında xüsusi şücaət göstərib və Füzuli rayonu ərazisində gedən ağır döyüşlər zamanı qəhrəmancasına şəhidlik zirvəsinə yüksəlib. Qurbani Əlizadə ölümündən sonra lll dərəcəli "Vətənə xidmətə görə" ordeni və “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Füzulinin azad olunmasına görə”, “Xocəvəndin azad olunmasına görə” medalları ilə təltif edilib.