Səudiyyə Ərəbistanında insanlarla yanaşı diz çökmüş dəvələr, ceyranlar və digər heyvanları təsvir edən yeni aşkarlanan qayaüstü rəsmlər ehtimal etməyə imkan verir ki, təxminən 12 min il əvvəl bu quraqlıq bölgədə qayaüstü rəsmlər yaradan insanlar firavan yaşayıblar. Bu barədə SİA xarici mediaya istinadla xəbər verir.
Almaniyanın Maks Plank adına Geoantropologiya İnstitutunun arxeoloqu Mariya Quanyinin sözlərinə görə, bu tapıntılar Səudiyyə Ərəbistanında indiyədək aşkar edilmiş ən qədim monumental qayaüstü rəsmlərdir. Ərəbistanın şimalındakı Nefud səhrasında aparılan qazıntılar zamanı Quanyin və onun komandası təxminən iki metr hündürlüyündə insanları, dəvələri, vəhşi eşşəkləri, dağ keçilərini, ceyranları və vəhşi öküz adlanan müasir mal-qaranın nəsli kəsilmiş əcdadını təsvir edən təxminən 130 qayaüstü rəsm aşkar edib. Onlar qayaüstü sənət nümunələrini 12800-11400 il əvvələ aid ediblər. Quanyin və həmkarları öz nəticələrini “Nature Communications” jurnalında dərc ediblər.
“Biz bilirik ki, insan icmaları təkrarlanan rütubətli dövrlərdə Ərəbistan səhrasında yaşayırdı, həmin vaxt yağıntıların miqdarı artırdı, çəmənliklər və göllər isə indiki səhra olduğu ərazilərə yayılırdı. Lakin qədim insanların Şimali Ərəbistanı 25-10 min il əvvəl məskun etdiyinə dair çox az dəlil var. Həmin vaxt həddindən artıq quraqlıq və susuzluq dövrləri bir-birini əvəzləyirdi və insanların bu ərazini tərk etdiyi hesab olunurdu”, - deyə Quanyin bildirib.
Arxeoloqun qeyd etdiyi kimi, təxminən 12 min il əvvələ aid edilən qayaüstü rəsm tapıntıları göstərir ki, “insanlar bu ərazilərdə sonuncu nəm fazaya qədər yaşaya və çətin şəraitdə, məsələn, ərazinin quraq və səhraya bənzəyən vaxtlarında yaşaya və inkişaf edə bilərdilər”. O, əlavə edir ki, bu, icmaların təxminən 12 min il əvvəl Ərəbistanı yenidən məskun etdiyini göstərir.
Bu cür təsvirlərin yaradılması xeyli səy tələb edirdi və müəyyən risklərlə əlaqələndirilirdi - qədim rəssamlar dar tinlərdə və qeyri-sabit şəraitdə işləyirdilər. Bu, qədim cəmiyyətlərin sənət əsərlərinə verdiyi əhəmiyyəti vurğulayır. Bu kəşf Şimali Ərəbistanın arxeoloji tarixində mühüm boşluğu doldurur və qədim icmaların sərt səhra şəraitinə uyğunlaşma qabiliyyətini işıqlandırır.