"Prezidentin çıxışı ölkəmizin beynəlxalq nüfuzunu daha da artırdı" - POLİTOLOQ ŞƏRH ETDİ

1 Oktyabr 2025 15:32 (UTC+04:00)

"Cənab Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı qalib ölkə liderinə yaraşan tərzdə oldu və dünya ictimaiyyətinə çox ciddi mesajlar verdi. Bu çıxış həm də Azərbaycanın BMT-dəki siyasi çəkisinin və nüfuzunun artdığını göstərdi". Bu sözləri SİA-ya açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, cənab Prezident bir daha qeyd etdi ki, uzun illər ərzində Azərbaycanın əraziləri işğal altında qalmasına baxmayaraq, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi beş qətnamə yerinə yetirilməmişdi:

"Lakin Azərbaycan öz ərazi bütövlüyünü beynəlxalq hüquqa uyğun olaraq özü təmin etdi, öz silahlı qüvvələrinin gücü ilə bu qətnamələrin icrasını reallaşdırdı. Bu, yeni dünya siyasi düzənində hüququn gücə çevrilə biləcəyini sübut etdi. Prezident İlham Əliyev çıxışında həmçinin vurğuladı ki, bu addım beynəlxalq hüququn aliliyini, BMT nizamnaməsinin birinci maddəsini – yəni hər bir dövlətin özünü müdafiə hüququnu yerinə yetirdiyini nümayiş etdirdi. Dövlət başçısının BMT Baş Assambleyasındakı çıxışı qalib ölkənin liderinə yaraşan şəkildə oldu. O, bir daha dünya ictimaiyyətinə xatırlatdı ki, Azərbaycan öz ərazi bütövlüyünü beynəlxalq hüquqa uyğun şəkildə, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə əsaslanaraq və öz silahlı qüvvələrinin gücü ilə bərpa edib. Prezident qeyd etdi ki, uzun illər BMT-nin qətnamələri kağız üzərində qalıb, lakin Azərbaycan həmin qətnamələrin real həyata keçirilməsinin mümkünlüyünü nümayiş etdirdi. Bu, yeni dünya nizamında dövlətlərin öz hüquqlarını qorumaq üçün necə qərarlı ola biləcəyinin bariz nümunəsidir. Azərbaycan həm də enerji təhlükəsizliyi, iqtisadi dayanıqlılıq və beynəlxalq əməkdaşlıq sahəsində atdığı addımlarla regional və qlobal sabitliyə töhfə verir. Xüsusilə Avropa üçün etibarlı tərəfdaş olmaqla yanaşı, nəqliyyat və texnoloji sahələrdə də önəmli rol oynayır. Bu çıxış bir daha göstərdi ki, Azərbaycan təkcə müharibədə deyil, diplomatik müstəvidə də qalibdir. Cənab Prezident İlham Əliyevin çıxışı ölkəmizin beynəlxalq nüfuzunu daha da artırdı. Azərbaycanın iqtisadi dayanıqlılığı, enerji təhlükəsizliyi sahəsində gördüyü işlər, Avropaya enerji diversifikasiyası baxımından verdiyi töhfələr də çıxışın əsas mövzularından biri oldu. Cənab Prezident bildirdi ki, Azərbaycan öz geosiyasi mövqeyindən istifadə edərək nəinki öz maraqlarını, eyni zamanda regionun və Avropanın sabitliyini təmin edir. Azərbaycan həm hərbi sahədə, həm diplomatik masada, həm də beynəlxalq hüquqi müstəvidə qalib çıxaraq bir daha sübut etdi ki, kiçik əraziyə malik olan bir dövlət belə qlobal siyasətdə söz sahibi ola bilər. Bu çıxış təkcə ölkə daxilində deyil, beynəlxalq səviyyədə də böyük rezonans doğurdu və Azərbaycanın haqlı mövqeyi bir daha dünya ictimaiyyətinə çatdırıldı".