Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi mövzusunda təlim keçirilib

1 Oktyabr 2025 15:46 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında Ədliyyə Nazirliyinin əməkdaşları üçün növbəti təlim təşkil olunub. Təlim “Dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi meyarları” mövzusuna həsr edilib. Akademiyadan SİA-ya bildirilib ki, tədbirdə Hüquq kafedrasının müəllimi hüquq elmləri doktoru, professor Asif Qədirovun məruzəsi dinlənilib. O, dövlət qulluqçularının fəaliyyətinin qiymətləndirilməsi üzrə mövcud qanunvericiliyə edilmiş son dəyişiklikləri, bu dəyişikliklərin tətbiq mexanizmlərini və qiymətləndirmə meyarlarını izah edib. Qeyd olunub ki, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsi dövlət idarəçiliyində şəffaflığın artırılması, peşəkar kadrların seçilməsi və onların potensial imkanlarının üzə çıxarılması baxımından mühüm əhəmiyyət kəsb edir. Qiymətləndirmənin məqsədi dövlət qulluqçularının bilik və bacarıqlarının obyektiv dəyərləndirilməsi, onların motivasiyasının artırılması və vəzifədə irəli çəkilmə prosesinin daha səmərəli təşkilidir.

Təlim zamanı iştirakçılara qiymətləndirmənin aparılma dövrləri, metodları, yeni hesablama düsturları və nəticələr əsasında görüləcək tədbirlər barədə geniş təqdimat edilib. Slaydlarla müşayiət olunan təqdimatda xüsusilə vurğulanıb ki, bu proses dövlət qulluğunda innovativ yanaşmaların tətbiqi və idarəetmədə səmərəliliyin artırılmasına xidmət edir.

Sonda professor Asif Qədirov iştirakçıların suallarını cavablandırıb, praktiki nümunələr əsasında izahlar verib və qiymətləndirmə prosesində qarşıya çıxan problemlərlə bağlı tövsiyələrini bölüşüb.

Təlim interaktiv diskussiya formatında keçirilib.