Oktyabrın 4-də Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən rəqəmsal SAT imtahanı təşkil olunacaq. DİM-dən SİA-ya bildirilib ki, imtahan Mərkəzin fəaliyyət göstərdiyi hər iki ünvanda eyni vaxtda keçiriləcək.
İmtahanda iştirak edəcək namizədlərdən xahiş olunur ki, qeydiyyatdan keçdikləri test mərkəzinə xüsusi diqqət yetirsinlər və yalnız buraxılış vərəqəsində (“Admission Ticket”) göstərilən müvafiq ünvana yaxınlaşsınlar.
İmtahan mərkəzlərinin ünvanları:
Bakı şəhəri, Akademik Həsən Əliyev küçəsi, 299 (TC60129)
Bakı şəhəri, Süleyman Sani Axundov küçəsi, 50 (TC56582)
İmtahana buraxılış şərtləri:
İmtahanda iştirak edəcək şəxslər saat 07:15-dən gec olmayaraq qeydiyyatdan keçdikləri imtahan binasında aşağıdakı sənəd və vasitələrlə birlikdə olmalıdırlar:
Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;
Buraxılış vərəqəsi – “Admission Ticket”;
“College Board”un tələblərinə cavab verən notbuk və ya planşet (adapter ilə birlikdə).
Qeyd olunan sənədlərdən hər hansı biri təqdim edilmədikdə və ya sənədlər arasında uyğunsuzluq olduqda, iştirakçı imtahana buraxılmayacaq.
İştirakçılara imtahana əlavə olaraq kalkulyator, qələm və ya karandaş gətirməyə icazə verilir. Qaralama üçün vərəqlər imtahan mərkəzi tərəfindən təqdim olunacaq.
İmtahan iştirakçısı notbuk və ya planşetini imtahan mərkəzinə gətirmədikdə və “College Board” vasitəsilə müvafiq cihazın sorğulanması prosesindən keçmədikdə, onun imtahana buraxılması mümkün olmayacaq.
Qeyd edək ki, oktyabrın 4-ü SAT imtahanında iştirak edəcək şəxslər imtahan tarixindən ən geci beş gün əvvəl “Bluebook” tətbiqində şəxsi hesablarına daxil olaraq imtahanın qurulması (test set-up) prosesini başa çatdırmalıdırlar. Bu mərhələ tamamlandıqdan sonra iştirakçılara buraxılış vərəqəsi onlayn qaydada təqdim ediləcək.
Əlavə sual yarandığı halda [email protected] ünvanı vasitəsilə əlaqə saxlamaq olar.