AFFA İntizam Komitəsi "Kəpəz" klubunu 5000 manat cərimələyib. SİA xəbər verir ki, buna Misli Premyer Liqasının VI turunda "Turan Tovuz"la oyunda azarkeşlərin rəqibin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirməsi səbəb olub.
"İmişli" klubu 1000 manat ziyana düşüb. "Zirə" ilə qarşılaşmada media sektorunda kənar şəxslərin olması bölgə təmsilçisinin cərimələnməsinə gətirib çıxarıb.
"Qəbələ" də eyni məbləği ödəməli olacaq. "Qırmızı-qaralar"ın oyunçusu Prins Ovusu "Qarabağ"la matçın 1-ci dəqiqəsində qırmızı vərəqə alıb və 2 oyunluq cəzalanıb.
"Araz-Naxçıvan" isə 700 manat cərimələnib. Naxçıvan təmsilçisinin beş üzvü "Şamaxı" ilə görüşdə sarı vərəqə alıb.