“Qazanılan medallar göstərir ki, Azərbaycanda idman inkişaf edir” - MÜNASİBƏT BİLDİRİLDİ

1 Oktyabr 2025 14:20 (UTC+04:00)

“MDB Oyunları yeni bir olimpiya hərəkatıdır. Düzdür, bu oyunlarda çox az sayda ölkələr iştirak edir. Amma bu hərəkatın daha perspektivli gələcəyi ola bilər. Belə ki, yarışda güclü komandalar iştirak edir və bu da oyunlara olan marağı daha da artırır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib.

Deputat bildirib ki, III MDB Oyunlarının Azərbaycanda keçirilməsi bir tərəfdən ölkəmizin idman potensialını, idmançılarımızın gücünü göstərir, digər tərəfdən isə iştirakçı komanda, idmançılar idman yarış sayəsində idman peşəkarlıqlarını daha da artıra bilirlər. Azərbaycan bu gün nəinki oyunlar, hətta dünya çempionatları keçirmək gücündədir. Bunun üçün təcrübəmiz, müvafiq idman infrastrukturu, otel və xidmət sahələri var. Bütün bunlar isə dünya tərəfindən ciddi qəbul edilir.

III MDB Oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin bir daha idman ölkəsi kimi dünyada tanınmasında böyük rol oynayır. Cənab Prezident İlham Əliyevin iştirakı ilə oyunların açılış mərasiminin baş tutması da birbaşa olaraq oyunların yüksək səviyyədə təşkil edilməsinin göstəricisidir. Ölkə başçısı eyni zamanda Respublika Olimpiya Komitəsinin Prezidentidir və idmanın inkişafına böyük diqqət ayrılır. Regionlarda Olimpiya Komplekslərinin açılması, idman bazalarının inşa edilməsi gənclərin idmana həvəsini artırır və idmanın inkişafına çox böyük təkan verir. Həmçinin Azərbaycan artıq bu oyunlarda medalların sayına görə komanda sıralamasında ikinci yerdədir. Bu özü də göstərir ki, Azərbaycanda idman inkişaf edir”.