Dünya memarlarının layihələrindən ibarət sərginin açılışı olub - FOTOLAR

1 Oktyabr 2025 13:54 (UTC+04:00)

Beynəlxalq Muğam Mərkəzində Azərbaycan Memarlar İttifaqı və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə VII Bakı Beynəlxalq Memarlıq Müsabiqəsi çərçivəsində dünya memarlarının layihələrindən ibarət sərginin açılışı keçirilib. SİA xəbər verir ki, tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda Ümummilli Lider Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarlarını ziyarət ediblər. Daha sonra Şəhidlər xiyabanını ziyarət edərək, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsi ehtiramla yad olunub.

Bakı Beynəlxalq Muğam Mərkəzində keçirilən sərgidə dövlət qurumlarının və nazirliklərin nümayəndələri iştirak ediblər.

Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbay Qasımzadə tədbiri giriş sözü ilə açaraq bildirib ki, Azərbaycan Memarlar İttifaqı Mədəniyyət Nazirliyi ilə birgə 2013-cü ildən başlayaraq Bakı Beynəlxalq Memarlıq müsabiqələrini keçirir. Beynəlxalq Memarlar İttifaqının dəstəyi ilə keçirilən sözügedən müsabiqə ən yüksək reytinqə malik olan dünya memarlıq müsabiqələrinin sırasına daxil olub.

E. Qasımzadənin sözlərinə görə, 7 nominasiya üzrə keçirilən müsabiqə iki ildən bir təşkil olunur. Müsabiqənin münsiflər heyəti Beynəlxalq Memarlar İttifaqı tərəfindən tövsiyə olunan dünyaşöhrətli memarlardan ibarətdir. Ötən dövrdə münsiflər heyətinin tərkibinə Mişel Barmaki (Livan), Vassilis Squtas (Yunanıstan), Tomas Vonier (ABŞ), Hayder Ali (Sudan), Patrik Kolombiye (Fransa), Esa Mohamed (Malayziya), Katerine Jakot (Fransa), Viti Nsalambi (Anqola), İn-Souk Ço (Cənubi Koreya), Viktor Leonel (Anqola), Jozef Kuan (Honkonq), Deniz İncedayı (Türkiyə), Kevin Bingham (Cənubi Afrika), Divya Kush (Hindistan), Giuseppe Cappochin (İtaliya), Léo Orellana (Çili) kimi tanınmış memarlar daxil olub.

“Müsabiqəyə daxil olan layihələrin coğrafiyası dünyanın bütün qitələrində getdikcə daha çox ölkəni əhatə edir. Yeddinci Bakı Beynəlxalq Memarlıq Müsabiqəsinə dünyanın 38 ölkəsindən olan memarlar tərəfindən 270 layihə təqdim olunub”, - deyə Elbay Qasımzadə vurğulayıb.

Tədbirdə, həmçinin qeyd olunub ki, ümumiyyətlə 2013-2023-cü illər ərzində müsabiqədə dünyanın 53 ölkəsindən olan memarlar 1200-dən çox layihə ilə iştirak ediblər. İndiyədək keçirilən 6 müsabiqədə Portuqaliya, Fransa, ABŞ, Sloveniya, Gürcüstan, Yaponiya, Rusiya, Mərakeş, Xorvatiya, İtaliya, Banqladeş, İspaniya, Ukrayna, Almaniya, Vyetnam, Sinqapur, Qırğızıstan, Yunanıstan, Malayziya, Cənubi Afrika, Misir, Çin, İran, Keniya, Birləşmiş Ərəb Əmirlikləri, Meksika, Rumıniya, Polşa, Hindistan, Braziliya və Azərbaycandan olan memarlar qalib olublar. Müsabiqənin görkəmli memarlardan ibarət münsiflər heyəti, eləcə də müsabiqəyə təqdim olunan əsərlərin keyfiyyəti, müxtəlifliyi və memarlıq baxımından maraqlı və funksional olması bu müsabiqənin əhəmiyyətini bir daha təsdiqləyir.