"Azərbaycan artıq bir neçə dəfə sübut edib ki, böyükmiqyaslı beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edə bilər. Bu baxımdan, Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, “Formula-1” Qran-prisi, “Avroviziya” mahnı müsabiqəsi və digər nüfuzlu beynəlxalq layihələr Azərbaycan dövlətinin və xalqının təşkilati bacarığının, infrastruktur imkanlarının və qlobal arenada artan nüfuzunun bariz nümunələridir". Bu sözləri SİA-ya açıqlamasında Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov deyib.
Onun sözlərinə görə, bu tədbirlərin hər biri ölkəmizin beynəlxalq imicinə müsbət təsir göstərmiş, Azərbaycanın sülhsevər, qonaqpərvər və inkişafda olan bir dövlət kimi tanıdılmasında mühüm rol oynamışdır:
"Bu kontekstdə III MDB (Müstəqil Dövlətlər Birliyi) Oyunlarının Gəncə şəhərində keçirilməsi xüsusi əhəmiyyət daşıyır. Bu, bir tərəfdən Azərbaycanın yalnız paytaxt Bakıda deyil, regionlarında da belə mötəbər tədbirləri yüksək səviyyədə təşkil edə bildiyini nümayiş etdirir. Digər tərəfdən isə Gəncə şəhərinin tanınması, sosial-iqtisadi inkişafı və beynəlxalq əlaqələrinin genişlənməsi baxımından mühüm bir fürsət yaradır. Gəncə Azərbaycanın ən qədim və zəngin tarixə malik şəhərlərindən biri olsa da, beynəlxalq arenada bu şəhərin adı hələ də yetərincə tanınmırdı. Məhz belə oyunlar Gəncənin həm tarixi irsinin, həm də müasir inkişafının xarici ölkələrə tanıdılması baxımından əvəzsiz platformadır.
Bununla yanaşı, belə irimiqyaslı tədbirlər şəhərin infrastrukturuna əhəmiyyətli töhfələr verir. Yeni idman komplekslərinin, stadionların, konsert zallarının, otellərin, nəqliyyat xətlərinin və yolların tikintisi və ya bərpası şəhərin simasını dəyişir. Bu infrastruktur obyektləri yalnız yarış müddətində deyil, ondan sonrakı dövrlərdə də şəhər sakinlərinin istifadəsinə verilir, onların həyat keyfiyyətini yüksəldir və rifahının artmasına səbəb olur. Eyni zamanda, bu layihələr yerli iqtisadiyyata da canlılıq gətirir, yeni iş yerləri yaradılır, turizm potensialı genişlənir, sahibkarlığın inkişafına təkan verilir".