"Böyük Qayıdış bir təbliğatdır və bu təbliğatın uğuru, onun necə aparıldığı, həmçinin Azərbaycana yaxın ölkələrin dəstək verməsi və Azərbaycanın həmin ölkələrdə təbliğatını gücləndirməsi çox şeydən asılıdır". Bunu SİA-ya açıqlamasında politoloq Əhəd Məmmədli deyib.
Onun sözlərinə görə, bu proqramların önəmi böyükdür, çünki onlar yalnız ölkə daxilində deyil, beynəlxalq aləmdə də Azərbaycanın mövqelərini möhkəmləndirir: "Ümumiyyətlə, bir müsəlman ölkəsinin son yüz ildə belə uğur qazanması nadir hadisədir. Müsəlman coğrafiyasının və ölkələrinin uzun illər ərzində yaşadığı çətinliklər məlumdur. Amma son yüz ildə ilk dəfə bir müsəlman ölkəsi – Azərbaycan – müharibədə tam şəkildə qalib gəldi. Bu, həm ölkəmiz, həm də İslam dünyası üçün böyük bir dikəlmədir, həm siyasi, həm mənəvi baxımdan əhəmiyyətlidir.
Qarabağ müharibəsində qələbədən sonra Türk dünyasında yaxınlaşma prosesi də müşahidə olunur. Türk dövlətləri bir-birlərinin problemlərini həll etməyə çalışır. Azərbaycanın təşəbbüsü ilə Türkmənistandan Özbəkistana, Qırğızıstandan digər ölkələrə qədər əməkdaşlıq genişlənir. Bu, bölgədə həm siyasi sabitlik, həm də iqtisadi inkişaf üçün olduqca önəmlidir. Qarabağ və Böyük Qayıdış prosesləri, eyni zamanda Qərbi Azərbaycan və Zəngəzur məsələləri də bu əməkdaşlıq və yaxınlaşmanın ayrılmaz tərkib hissəsini təşkil edir. Azərbaycan bu platformadan beynəlxalq siyasətini, diplomatik mövqelərini və təbliğatını davam etdirməlidir. Bu, ölkəmizin beynəlxalq arenadakı nüfuzunu artırmaq, həmçinin Türk dünyası ilə strateji əməkdaşlığı daha da gücləndirmək üçün vacibdir. Böyük Qayıdışın uğurla həyata keçirilməsi, həm Azərbaycan xalqının birliyi və milli birliyi, həm də bölgədə sülh və sabitliyin möhkəmlənməsi baxımından əhəmiyyət kəsb edir. Bu proqram yalnız vətəndaşların doğma torpaqlarına qayıtmasını təmin etmir, həm də Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun artmasına və Türk dünyasının birliyi yolunda mühüm addım olmasına xidmət edir. Azərbaycanın beynəlxalq mövqelərinin güclənməsi, həm siyasi, həm də iqtisadi baxımdan regionda daha təsirli mövqeyə sahib olmasını təmin edəcək".