"İctimai nəqliyyatın əsas problemi onun kifayət qədər şaxələnməməsidir. Bu gün nəqliyyat sistemi əsasən avtobus və metrodan ibarətdir, taksi isə sadəcə köməkçi vasitə kimi çıxış edir". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat üzrə ekspert Eldəniz Cəfərov deyib.
Onun sözlərinə görə, lakin müasir şəhər həyatında nəqliyyatın şaxələndirilməsinə ciddi ehtiyac var: "Məsələn, yeni tramvay xətlərinin çəkilməsi, məhəllədaxili tramvayların istifadəyə verilməsi ictimai nəqliyyatda mühüm üstünlüklər yarada bilərdi. Bu həm də avtobus və metro üzərindəki yüklənməni müəyyən qədər azaldaraq, sərnişinlərin rahatlığını təmin etmiş olardı. Avtobusların dayanacağa gəlməsi, dayanması ilə bağlı xüsusi reqlament mövcuddur. Bütün daşıyıcı şirkətlər də bu qaydalara əməl etməyə borcludurlar. Əsas məqsəd sərnişinlərin vaxtında, keyfiyyətli və təhlükəsiz şəkildə daşınmasını təmin etməkdir. Təəssüf ki, bəzən bəzi özəl daşıyıcı şirkətlər bu tələblərə tam əməl etmirlər və nəticədə sərnişinlərin narazılığı artır.
Əsas problemlərdən biri də nəqliyyatda intervalların uzun olmasıdır. Metroda qatarların hərəkətində fasilələrin artması, avtobus dayanacaqlarında isə sərnişinlərin uzun müddət gözləməsi narazılıq yaradır. Nəticədə avtobusların dolu və sıx gəlməsi, insanların rahat hərəkət imkanlarının məhdudlaşması ən çox şikayət edilən məsələlərdən birinə çevrilir. İctimai nəqliyyatın effektiv və müasir tələblərə cavab verən sistemə çevrilməsi üçün yalnız yeni nəqliyyat vasitələrinin tətbiqi deyil, həm də mövcud qaydalara ciddi nəzarət zəruridir. Çünki şəhər həyatının keyfiyyətini yüksəltməyin əsas şərtlərindən biri məhz insanların vaxtında, rahat və təhlükəsiz daşınmasıdır".