"Azərbaycan Prezidenti İlham Əliyevin BMT tribunasından etdiyi çıxışda səsləndirdiyi fikirlər, heç şübhəsiz ki, Azərbaycanın 44 günlük Vətən müharibəsində, eyni zamanda 2023-cü ilin 19–20 sentyabrında həyata keçirilən lokal antiterror tədbirlərində qazandığı qələbədən qaynaqlanan gücün və özünəinamın təzahürüdür". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib.
O bildirib ki, bu çıxış bir daha təsdiqlədi ki, Azərbaycan qalib dövlət olaraq öz sözünü demək iqtidarındadır və artıq beynəlxalq aləmdə mövqeyini daha da möhkəmləndirib: "Bu mühüm bəyanat göstərdi ki, Azərbaycan təkcə regional deyil, həm də qlobal məsələlərdə ciddi aktora çevrilib. Xüsusilə iqlim dəyişikliyi, kiçik ada dövlətlərinin üzləşdiyi problemlər, eləcə də imperializmdən əziyyət çəkən müstəmləkələrin hüquqlarının müdafiəsi kimi məsələlərdə Prezident İlham Əliyevin mövqeyi beynəlxalq birlik tərəfindən diqqətlə izlənilir. Bu, Azərbaycanın qlobal miqyasda artan nüfuzunun bariz göstəricisidir.
Azərbaycanın gücünün əsasını onun dayanıqlı iqtisadiyyatı və 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi Zəfər təşkil edir. Bu hərbi qələbə bu gün uğurla diplomatik müstəviyə də daşınır, beynəlxalq münasibətlərdə Azərbaycanın maraqlarının təmin olunmasına geniş imkanlar açır. Prezident İlham Əliyevin BMT tribunasından səsləndirdiyi mesajlar isə həm strateji baxışın, həm də Azərbaycanın artan beynəlxalq çəkisinin sübutu oldu.
Bir sözlə, Azərbaycan bu gün yalnız regionun deyil, beynəlxalq münasibətlərin də mühüm iştirakçısına çevrilib. Bu, ölkəmizin milli maraqlarının qorunması ilə yanaşı, qlobal təhlükəsizlik, ədalət və beynəlxalq hüququn bərqərar olmasına verdiyi töhfələrin də göstəricisidir".