Azərbaycan son illərdə həm enerji keçidinin sürətləndirilməsi, həm də sosial müdafiə sisteminin gücləndirilməsi istiqamətində mühüm addımlar atıb. SİA xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev çıxışında bildirib.
Nazir qeyd edib ki, ölkəmiz COP29-a ev sahibliyi etdiyi dövrdə ədalətli keçid, sosial siyasətin təkmilləşdirilməsi və əhalinin rifahının artırılması kimi prioritetlərə xüsusi diqqət yetirib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə 2018–2025-ci illərdə həyata keçirilən genişmiqyaslı sosial islahatlar nəticəsində əhəmiyyətli nailiyyətlər əldə olunub. Bu islahatlara 7,6 milyard manat ayrılıb və 4 milyondan çox vətəndaşın sosial təminatında ciddi irəliləyiş baş verib. Minimum əməkhaqqı 9 dəfə, orta aylıq pensiya isə 6 dəfə artıb. Sosial müavinətlər 5 dəfə artırılaraq 1,9 milyard manata çatdırılıb. Sosial xidmətlərdən yararlananların sayı 3,5 dəfə artıb, yaşayış səviyyəsi isə 65 faiz yüksəlib.
Əmək bazarında aparılan islahatlar nəticəsində məşğulluq imkanlarının da əhəmiyyətli dərəcədə genişləndiyini deyən nazir bildirib ki, son illərdə 160 mindən çox şəxs işlə təmin olunub, 7 min nəfər özünüməşğulluq proqramına cəlb edilib, 16 min nəfər peşə hazırlığı keçib, 304 min nəfər isə peşəyönümlü tədbirlərdən yararlanıb.
“Təkcə ötən il ərzində 407 min şəxs məşğulluq tədbirlərinə cəlb edilib və 160 min nəfər işlə təmin olunub, 17 min nəfər özünüməşğulluğa və 16 min nəfər peşə hazırlığına cəlb edilib. 204 min nəfərə peşəyönümü məsləhət xidməti göstərilib. 10 min nəfər isə işsizlikdən sığorta ödənişi ilə təmin edilib. Həmçinin 1400-ə yaxın peşə və kvalifikasiya standartı hazırlanıb, növbəti ilin sonuna kimi bu standartların sayının 1800-ə çatdırılması nəzərdə tutulur”, - deyə nazir bildirib.
A.Əliyev qeyd edib ki, eyni zamanda, rəqəmsal transformasiya sosial müdafiə sisteminin əsas dayaqlarından birinə çevrilib. 2019-cu ildən istifadəyə verilmiş “e-sosial” portalı vətəndaşlara sosial sahə üzrə bütün məlumatlara elektron çıxış imkanı yaradır. Bu, şəffaflığın artırılmasına və xidmətlərin səmərəli göstərilməsinə xidmət edir.
“Həyata keçirilən islahatlar beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Onun sözlərinə görə, sosial müdafiə və məşğulluq siyasətində əldə edilən uğurlar Azərbaycanın yaşıl iqtisadiyyat, enerji keçidi və dayanıqlı inkişaf strategiyası ilə sıx bağlıdır. Azərbaycan sosial müdafiə sistemini gücləndirməklə, məşğulluğu artırmaqla və rəqəmsal xidmətləri genişləndirməklə əhalinin rifahını təmin edir. Bütün bu tədbirlər, eyni zamanda, ölkəmizin iqtisadi inkişafına və ədalətli keçid prosesinə mühüm töhfə verir”, – deyə nazir əlavə edib.