Forum çərçivəsində rəqəmsal informasiya mühitində etik məsuliyyət mövzusu müzakirə olunub - FOTO

30 Sentyabr 2025 15:04 (UTC+04:00)

Sentyabrın 30-da Bakıda keçirilən II Azərbaycan-Özbəkistan Media Forumu çərçivəsində rəqəmsal informasiya mühitində etik məsuliyyət mövzusu müzakirə olunub. SİA xəbər verir ki, Özbəkistanın Jurnalistika və Kütləvi Kommunikasiya Universitetinin Elm və innovasiyalar üzrə prorektoru Nozima Muratovanın moderatorluğu ilə keçirilən panel sessiyada çıxış edən AZƏRTAC-ın İdarə Heyəti sədrinin müavini Sevinc Abdullayeva Forum çərçivəsində müzakirə olunan mövzularının əhəmiyyətindən söz açıb. O qeyd edib ki, sürətli rəqəmsal transformasiya dövründə jurnalistika, sadəcə, texniki dəyişikliklərlə üzləşmir, həmçinin peşənin mahiyyətinə toxunan dərin etik çağırışlarla qarşı-qarşıyadır. Sədr müavini deyib ki, jurnalistin əsas alətləri qələm və dəftər olduğu dövrlərdən etibarən jurnalist etikası hər zaman peşəmizin ayrılmaz tərkib hissəsi sayılıb. “Lakin bu gün jurnalistin etik məsuliyyətindən danışmaq hər zamankından daha aktualdır. Çünki rəqəmsal texnologiyalar böyük imkanlar açsa da, bəzi problemləri daha da kəskinləşdirib və yeni risklər yaradıb. İnformasiyanın sürətlə yayılması, auditoriya ilə birbaşa təmas, beynəlxalq mənbələrə çıxış, işin avtomatlaşdırılması süni intellekt və rəqəmsal texnologiyaların müsbət cəhətləridir. Ancaq dezinformasiya, manipulyasiya, saxta xəbərlər, diqqət uğrunda yarış hazırda aktual problemlərdir”, - deyə S.Abdullayeva vurğulayıb.

O əlavə edib ki, belə şəraitdə etik məsuliyyət, sadəcə, peşə borcu deyil, həm də kontent axınında yolgöstərən zəminə çevrilir.

Özbəkistanın Milli Kütləvi İnformasiya Vasitələrinin Dəstəklənməsi və İnkişafı üzrə İctimai Fondun Himayəçilər Şurasının sədri Akramjon Fozilov dünya əhalisinin 69 faizinin internetdən istifadə etdiyini deyərək vurğulayıb: "Lakin bir çoxları etik davranışlara riayət etmir. Ənənəvi mediaya gəldikdə, biz fərdi məzmunu ön plana çıxarmalıyıq. Çünki dezinformasiya ictimai rəyə zərər vuran nəticələrə gətirib çıxara bilər".

Şura sədri Özbəkistan mediasında bu cür xəbərlərə rast gəlindiyini və bu biznes strukturlarının dövlət qurumlarının reputasiyasını sarsıtdığını diqqətə çatdırıb.

"Oksford Universitetinin alimləri müəyyən ediblər ki, bir çox ölkələrdə seçkilər zamanı dezinformasiya vasitələrinə əl atılır. Bu, insanların reallığı qəbul etmələri üçün çətinliklər yaradır”, - deyə A.Fozilov əlavə edib.

Onun sözlərinə görə, kiberhücümlar milli, dini mənsubiyyəti olan xalqları, icmaları hədəfə alır. “ChatGpt” və digər vasitələr vəziyyəti daha da çətinləşdirib. Sosial şəbəkələrdə vaxt keçirən yeniyetmələr trollinqin qurbana çevriliblər. Rəqəmsal etika böyük əhəmiyyət kəsb edir. İstifadəçilər aqressiyadan kənarlaşmalıdırlar. Kiberbullinq halları tədricən aradan qaldırılmalıdır. İnternetin aqressiyasını azaltmaq üçün universal bir həll yoxdur, lakin tənzimləyici qurumlar və vətəndaş cəmiyyətləri bununla mübarizə apara bilər”, - deyə Şura sədri qeyd edib.

“1news.az” xəbər portalının baş redaktoru Kəmalə Məmmədova deyib ki, bu gün etik media məsuliyyəti baxımından qarşımızda çox ciddi tələblər dayanır.

İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanın çox ciddi dezinformasiya problemi ilə üzləşdiyini xatırladan baş redaktor bildirib: “Bu dövrdə dövlət qurumları və informasiya sahəsində çalışan mütəxəssislər öyrəndilər ki, xəbəri tez deyil, yoxlanılmış və düzgün formada təqdim etmək daha vacibdir. Bu, həm ictimaiyyətin etimadını qorudu, həm də informasiya mühitində məsuliyyətli yanaşmanı gücləndirdi”.

Baş redaktorun sözlərinə görə, bu prosesdə media sahəsində keçirilən təlimlərin böyük əhəmiyyəti var. Rəqəmsal medianın müsbət və mənfi tərəflərinin öyrənilməsi, ona uyğunlaşma yollarının tapılması vacib addımdır. Biz interneti xaotik bir məkan kimi deyil, şəxsi və ictimai məsuliyyət mühiti kimi qəbul etməyi bacarmalıyıq. “Burada regional əməkdaşlığın da xüsusi rolu var. Özbəkistanla birlikdə əldə etdiyimiz təcrübə regional təşəbbüslərin qloballaşması baxımından çox nümunəvidir. İnanıram ki, biz birgə şəkildə region miqyasında maarifləndirmə proqramları həyata keçirə bilərik və bu, həm peşəkar media mühitinə, həm də cəmiyyətlərimizə böyük fayda gətirəcək”, - deyə Kəmalə Məmmədova vurğulayıb.

“O'zbekiston 24” Yaradıcı Birliyinin direktor müavini, “O'zbekiston 24” teleradio kanalının baş prodüseri Xaydar Xasanov Forum çərçivəsində müzakirə edilən mövzuların aktuallığı barədə danışaraq deyib ki, burada səslənən fikirlərin əsas xətti bir məfhum - media etibarlılığı üzərində qurulub.

O qeyd edib ki, müasir dövrdə dünyada məlumat axını heç vaxt dayanmır, davamlı şəkildə artır. Belə bir şəraitdə jurnalistlər üçün ən vacib amil etibar qazanmaqdır. Çünki xəbərin dəyəri onun doğruluğu və dürüstlüyü ilə ölçülür. “Doğrudur, xəbər başlığı oxucunu cəlb etmək baxımından çox əhəmiyyətlidir. Ancaq bu, yalnız mövzuya uyğun olduğu halda dəyərli olur. Başlığı emosiyalar üzərində quraraq manipulyasiya etmək medianın etibarlılığına zərbə vurur. Unutmayaq ki, auditoriyamız artıq vaxtının böyük hissəsini sosial şəbəkələrdə keçirir. Bu məkanda saxta xəbərlərə, dezinformasiyaya yer vermək olmaz. Əksinə, jurnalistlərin missiyası sosial şəbəkələrdə belə keyfiyyətli, etibarlı və yoxlanılmış məlumatı insanlara təqdim etməkdir”, - deyə Xaydar Xasanov əlavə edib.

Bununla da Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə keçirilən “Rəqəmsal transformasiya və media” mövzusunda II Azərbaycan–Özbəkistan Media Forumu öz işini yekunlaşdırıb.