Məqalədə başlığı emosiyalar üzərində quraraq manipulyasiya etmək medianın etibarlılığına zərbə vurur - Xaydar Xasanov

30 Sentyabr 2025 14:10 (UTC+04:00)

II Azərbaycan–Özbəkistan Media Forumu çərçivəsində müzakirə edilən mövzular olduqca aktualdır. Burada səslənən fikirlərin əsas xətti bir məfhum - media etibarlılığı üzərində qurulub. SİA xəbər verir ki, bu sözləri II Azərbaycan-Özbəkistan Media Forumu çərçivəsində keçirilən “Rəqəmsal informasiya mühitində etik məsuliyyət” mövzusunda panel sessiyada “O'zbekiston 24” Yaradıcı Birliyinin direktor müavini, “O'zbekiston 24” teleradio kanalının baş prodüseri Xaydar Xasanov deyib.

O qeyd edib ki, müasir dövrdə dünyada məlumat axını heç vaxt dayanmır, davamlı şəkildə artır. Belə bir şəraitdə jurnalistlər üçün ən vacib amil etibar qazanmaqdır. Çünki xəbərin dəyəri onun doğruluğu və dürüstlüyü ilə ölçülür. “Doğrudur, xəbər başlığı oxucunu cəlb etmək baxımından çox əhəmiyyətlidir. Ancaq bu, yalnız mövzuya uyğun olduğu halda dəyərli olur. Başlığı emosiyalar üzərində quraraq manipulyasiya etmək, əksinə, medianın etibarlılığına zərbə vurur. Unutmayaq ki, auditoriyamız artıq vaxtının böyük hissəsini sosial şəbəkələrdə keçirir. Bu məkanda saxta xəbərlərə, dezinformasiyaya yer vermək olmaz. Əksinə, jurnalistlərin missiyası sosial şəbəkələrdə belə keyfiyyətli, etibarlı və yoxlanılmış məlumatı insanlara təqdim etməkdir”, - deyə Xaydar Xasanov əlavə edib.