Azərbaycanın Bəhreyn Krallığında səfirliyinin təsis edilməsi ilə bağlı qanun layihəsi qəbul olunub

30 Sentyabr 2025 13:16 (UTC+04:00)

Azərbaycanın Bəhreyn Krallığında səfirliyi təsis ediləcək. SİA xəbər verir ki, bu barədə məsələ Milli Məclisin sentyabrın 30-da keçirilən plenar iclasının gündəliyinə daxil edilib.

İclasda “Azərbaycan Respublikasının Bəhreyn Krallığında (Manama Şəhərində) Səfirliyinin təsis edilməsi haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.

Layihəni Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov təqdim edib. Bildirib ki, Azərbaycanın xarici siyasət kursunda ərəb dünyası ilə əlaqələrin dərinləşdirilməsi prioritet istiqamətlərdən biridir: “Bu baxımdan Bəhreyn Krallığı körfəz ölkələri içərisində Azərbaycanla əlaqələrini yüksək səviyyədə quran ölkələrdən biridir. Səfirliyin açılması Azərbaycanla Bəhreyn Krallığı arasında münasibətləri tamamilə yeni bir müstəviyə daşıyacaq”, -deyə komitə sədri vurğulayıb.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.