Naxçıvanın itkin şəhidi - Sönməz Günəşə çevrilib Murovun buz kəsmiş zirvəsini əridən igid

30 Sentyabr 2025 12:35 (UTC+04:00)

Onun ən böyük sevgisi Vətənə idi. Belə olmasaydı hərbçi kimi çətin peşəyə ciddi-cəhdlə yiyələnməyə can atmazdı. Boyuna-buxununa da çox yaraşırdı hərbi forma... Söhbət Vətən müharibəsində qəhrəmanlıq nümunəsi göstərmiş İbrahim Vəlizadədən gedir. SİA-nın bölgə müxbiri xəbər verir ki, İbrahim Vəlizadə 2011-2014-cü illərdə Heydər Əliyev adına Hərbi Liseydə, 2014-2019-cu illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində hərbi təhsil alıb, 2018-ci ildə Türkiyədə təkmilləşdirmə kursu keçib. Təhsilini başa vuran kimi, leytenant hərbi rütbəsi alaraq Vətən torpağının keşiyini çəkməyə yollanıb. 2020-ci il sentyabrın 27-də Vətən müharibəsi başlayan kimi yüzlərlə qəhrəman oğul kimi, İbrahim də döyüşə atılıb. Murovdağın azadlığı uğrunda gedən döyüşlərdə itkin düşüb.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarında göstərdiyi şücaətə və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə İbrahim Vəlizadə 3-cü dərəcəli “Rəşadət” ordeni, “Vətən uğrunda” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif edilib.

İtkin şəhidimizin Şərur şəhərindəki Şəhidlər xiyabanında büstü ucaldılıb.

Atası Səməd Vəliyev deyir ki, İbrahim uşaqlıqdan çalışqan, məsuliyyətli idi, orta məktəbdə dərslərini həvəslə oxuyardı: “Qiymətləri əla idi, müəllimləri razılıq edirdi. Arzusu isə hərbçi olmaqdı. Məqsədinə çatmaq üçün əzmlə çalışdı, 2012-ci ildə Heydər Əliyev adına Hərbi Liseyə keçirilən imtahanda ən yüksək balı topladı. Bir gün iş yerində idim, zəng gəldi. Tanımadığım nömrə idi. Telefonun o başında olan şəxs “Siz İbrahim Vəlizadənin atasısınız?” – deyə sual verəndə sözün düzü, zəng vuran şəxsə həyəcanlı şəkildə cavab verdim. “Xeyir, narahat olmayın, oğlunuz yüksək nəticə göstərərək Heydər Əliyev adına Hərbi Liseyə qəbul olub”, - dedi. Uğuru məni sevindirsə də, ondan ayrı qalacağım üçün sözün düzü, kədərləndim. Onu liseyə aparıb təhvil verdiyim gün əyninə geyinib getdiyi paltarları evə gətirdim. Anası Xurşud paltarları görəndə soruşdu ki, “Bəs uşaq nə geyinəcək, niyə bütün paltarlarını gətirmisən?”. Bu gündən İbrahim dövlətin, Vətənin balası oldu, nə lazımdırsa liseydə verdilər” deyəndə İbrahimin paltarlarını sinəsinə sıxıb həyətin lap aşağısındakı ağacın altına getdi”.

Xurşud xanım söhbətə qoşulur: “Paltarından balamın ətrini duyub için-için ağladım. Evə qayıdanda heç kim görməsin deyə göz yaşımı sildim və İbrahimə xitabən “gözümün nuru, sən Vətənin sönməz işığı ol”, – dedim. Həmin gün haradan bilərdim ki, cəmi 10 il sonra İbrahim sönməz Günəşə çevrilib Murovun buz kəsmiş zirvəsini əridəcək”.

“İbrahim kursant olandan sonra həftəsonları evə gələrdi. Ən sevdiyi yeməkləri bişirərdim. Hərbi forma boy-buxununa elə gözəl yaraşırdı ki... Hər qapıdan girəndə “Boyuna qurban kəsim”, – deyirdim. Hər həftəsonu evimiz onun gəlişi ilə bayram əhvali-ruhiyyəsinə bürünərdi. İllər çox tez ötdü, İbrahim böyüyüb kəndin yaraşıqlı oğlanlarından oldu. İdmanla məşğul olur, xarici dil öyrənirdi. Ürəyindən xüsusi təyinatlı olmaq keçirdi. Elə bu səbəbdən Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə qəbul olanda sevincinin həddi-hüdudu yox idi. Zəng vurub sevinə-sevinə dedi ki, arzuma çatdım. İntizamlı kursant kimi təhsilini uğurla başa vurdu. Vətən müharibəsi başlayanda 44 gün dua etdim ki, hamının övladı sağ-salamat qayıtsın. Kiminin balası bayrağı özünə kəfən bilib qayıtdı, kimisi gözünün nurunu, kimisi əlini, ayağını Vətənə qurban verib, kimisi bədəni qəlpə dolu qayıtdı. Amma İbrahimdən heç bir xəbər gəlmədi ki, gəlmədi” - deyərək göz yaşlarına qərq olur Xurşud xanım.

Bu gün Azərbaycan əbədi, tarixi zəfər qazanıb, öz ərazi bütövlüyünü, suverenliyini tam təmin edib. Bu zəfərdə yüzlərlə Vətən oğlunun ali məqsədi, ülvi arzusu yaşayır. İtkin şəhidimiz İbrahim Vəlizadənin ana-atasının gözləri yolda qalsa da, ürəkləri ona görə toxtaxtdır ki, Vətən müharibəsində 30 illik həsrətə son qoymaqla məqsədinə çatan, arzuları çin olan igidlər arasında onların övladları da var.