""Qarabağ" - "Kopenhagen" oyunu futbolsevərlər üçün bayram ab-havası yaradacaq" - ŞƏRH EDİLDİ

30 Sentyabr 2025 12:34 (UTC+04:00)

UEFA Çempionlar Liqasının gərgin və həyəcan dolu mərhələlərindən birində təmsilçimiz oktyabrın 1-də "Qarabağ" növbəti dəfə Avropanın güclü klublarından biri olan "Kopenhagen"ə qarşı meydana çıxır. Bu oyun həm komandanın mövsümdəki hədəfləri, həm də Azərbaycan futbolunun ümumi inkişafı baxımından xüsusi əhəmiyyət daşıyır.

Məsələ ilə bağlı keçmiş futbolçu Vaqif Cavadov SİA-ya açıqlamasında bildirib ki, oyun böyük maraqla gözlənilir və bu qarşılaşma, təkcə iki komandanın mübarizəsi deyil, həm də futbolun gözəlliyini və həyəcanını nümayiş etdirəcək bir hadisə olacaq:

"Liqa mərhələsində "Qarabağ" komandasının göstərdiyi oyun keyfiyyəti və əldə etdiyi gözəl qələbə həm azarkeşləri sevindirdi, həm də komandanın gücünü bir daha ortaya qoydu. Bu uğurun ardını gətirmək üçün şanslar var. Hər mövsüm daha da təkmilləşən, öz oyun fəlsəfəsini qoruyub saxlayan və inkişaf etdirən bu kollektiv, "Kopenhagen" kimi güclü bir rəqibə qarşı da meydanda öz sözünü deməyə qadirdir. Belə mühüm oyunlar həm oyunçular, həm də azarkeşlər üçün xüsusi əhəmiyyət daşıyır.

Ümid edirik ki, "Qarabağ" bu qarşılaşmada da mübarizə əzmi, taktiki hazırlığı və texniki bacarığı ilə fərqlənəcək, Azərbaycan futbolunu layiqincə təmsil edəcək. Bu oyun təkcə bir idman qarşılaşması deyil, həm də ölkəmizin adının futbol arenasında daha da yüksəlməsi üçün bir fürsətdir. "Qarabağ" - "Kopenhagen" oyunu, şübhəsiz ki, bütün futbolsevərlər üçün bir bayram ab-havası yaradacaq. Həm meydanda, həm də tribunada yaşanacaq atmosfer, futbolun birləşdirici gücünü bir daha nümayiş etdirəcək".