Son illər ərzində Azərbaycan və Özbəkistan arasında qurulan əlaqələr ən yüksək səviyyəyə çatıb. İki qardaş ölkə arasında əməkdaşlıq iqtisadiyyatdan mədəniyyətə, təhsildən sosial sahələrə qədər geniş istiqamətləri əhatə edir. SİA xəbər verir ki, bu barədə II Azərbaycan-Özbəkistan Media Forumunun açılış mərasimində Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanov bildirib.
Diplomat qeyd edib ki, bu uğurlu əməkdaşlıq media sahəsində də özünü göstərir. “Media qurumlarımızın qarşılıqlı əlaqələri yalnız peşəkar təcrübə mübadiləsini təmin etmir, həm də xalqlarımız arasında sarsılmaz qardaşlıq bağlarını daha da möhkəmləndirir. Media əməkdaşlığı, əslində, iki ölkə arasında körpü rolunu oynayır. Bu körpü bizə bir-birimizi daha yaxından tanımaq, eyni zamanda, saxta məlumatların qarşısını almaq və cəmiyyətlərimizin media savadlılığını yüksəltmək imkanı verir”, - deyə səfir vurğulayıb.
O əlavə edib ki, Azərbaycan ilə Özbəkistan arasında bu istiqamətdə atılan addımlar gələcəkdə də uğurla davam edəcək və region üçün nümunə olacaq.