Son bir ildə dünyada 582 giqavat yeni bərpaolunan enerji gücü quraşdırılıb. Lakin bu rəqəm 2030-cu ilə qədər bərpaolunan enerji gücünü üçqat artırmaq üçün tələb olunan illik 60,6 faiz artım tempindən geri qalır. SİA xəbər verir ki, bunu energetika naziri Pərviz Şahbazov “Azərbaycanın Günəş, Dənizdə Külək, Mavi və Yaşıl Hidrogen sahəsində potensialının araşdırılması” adlı paneldə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, ölkəmizdə 2030-cu ilə qədər şəbəkənin inteqrasiya imkanları çərçivəsində ümumi 2,7 giqavat gücündə Günəş elektrik stansiyası tikmək planlaşdırılır.
“Bu addım ölkəmizdə quraşdırılmış bərpaolunan enerji gücünü üçqat artıraraq 4 giqavata çatdıracaq və 3,2 milyard ton istixana qazı emissiyasının qarşısını alacaq. Növbəti iki ildə 10 yeni elektrik stansiyası şəbəkəyə inteqrasiya ediləcək. Bununla yanaşı, 2 qiqavat bərpaolunan enerjinin idarə olunması üçün 250 meqavat gücündə və 500 meqavat-saat həcmində batareya saxlanc sistemləri də istifadəyə veriləcək. Bu layihələrdən biri – 240 meqavat gücündə Xəzər dənizində qurulan külək elektrik stansiyası artıq bu ilin noyabrında istismara verilməsi planlaşdırılır.
Bu məqsədə yalnız təmiz enerji mənbələrinin inkişafı ilə deyil, həm də müasir şəbəkələrin, enerji saxlanc sistemlərinin və səmərəli ötürmə infrastrukturunun qurulması ilə nail olmaq mümkündür. Başqa sözlə, qlobal temperatur artımını 1,5 dərəcə ilə məhdudlaşdırmaq üçün 2030-cu ilə qədər bərpaolunan enerji gücünü 11 min qiqavata çatdırmaq, enerji saxlanc sistemlərini 1 500 qiqavata yüksəltmək, 25 milyon kilometr elektrik şəbəkəsi çəkmək və ya modernləşdirmək, həmçinin istehsal və tələbat mərkəzlərini birləşdirən, regional sistemlərin dayanıqlığını təmin edən enerji infrastrukturu qurmaq zəruridir”, - deyə P.Şahbazov vurğulayıb.