“Azərbaycan mediasında son illərdə dövlətin dəstəyi ilə məhz bu istiqamətdə ciddi islahatlar həyata keçirilir”. SİA xəbər verir ki, bu sözləri çıxışı zamanı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov deyib.
O bildirib ki, Özbəkistan mediasının da oxşar transformasiya mərhələsindən keçməsi əməkdaşlığımızın aktuallığını daha da artırır: “Çünki biz oxşar çağırışlarla üz-üzəyik: dezinformasiyaya qarşı mübarizə, peşəkar jurnalistikanın qorunması, gənc nəslin rəqəmsal mühitdə maarifləndirilməsi, milli maraqların beynəlxalq informasiya axınında qorunması. Bu baxımdan, Azərbaycan və Özbəkistan arasında media əməkdaşlığı sadəcə iki ölkə mediası üçün deyil, bütövlükdə region üçün nümunəvi bir model ola bilər. Çünki bizim xalqlarımızın ortaq dəyərləri, ortaq tarixi yaddaşı var. Media bu dəyərlərin qorunub gələcək nəsillərə ötürülməsində əvəzsiz vasitədir.
Məmnuniyyətlə bildirmək istərdim ki, Azərbaycan Respublikası və Özbəkistan Respublikasının media sahəsinin inkişafı və koordinasiyası üzrə məsul təşkilatları arasında effektiv əməkdaşlıq əlaqələri qurulmuş, iki ölkənin dövlət qurumlarının kommunikasiyaya məsul struktur bölmələrinin qarşılıqlı fəaliyyəti istiqamətində vacib nəticələr əldə olunmuş, media təhsili və media savadlılığı üzrə təcrübə mübadiləsinin təşkili, həmçinin media subyektləri arasında əməkdaşlığın gücləndirilməsi istiqamətlərində intensiv qaydada işlər görülmüşdür”.