Britaniya İranın nüvə proqramı ilə bağlı yeni sanksiyalar paketi elan edib

29 Sentyabr 2025 19:12 (UTC+04:00)

Böyük Britaniya hökuməti İranla əlaqəli onlarla fiziki və hüquqi şəxsə qarşı yeni sanksiyalar elan edib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu addım BMT və Avropa İttifaqının oxşar qərarlarından sonra atılıb və Londonda bunun məqsədi İranın nüvə silahının yayılmasına yönələn fəaliyyətin qarşısını almaq kimi izah olunub.

Böyük Britaniya, Fransa və Almaniya İranın 2015-ci ildə imzalanmış və nüvə silahı əldə etməsini dayandırmağı hədəfləyən razılaşmanı pozduğunu əsas gətirərək BMT Təhlükəsizlik Şurasında sanksiyaların bərpasına təşəbbüs göstəriblər. Tehran isə nüvə silahı əldə etmək niyyətində olmadığını bildirir.

Yeni qərara əsasən, Britaniya 71 şəxs və qurumu sanksiya siyahısına əlavə edib. Onların arasında İranın nüvə proqramında aparıcı vəzifə daşıyan rəsmi şəxslər, həmçinin mühüm maliyyə və enerji institutları yer alır.

Bundan bir gün öncə BMT də Avropa dövlətlərinin müraciəti əsasında İrana qarşı silah embarqosu və digər sanksiyaları bərpa edib. Tehran bu addımı sərt şəkildə cavablandıracağı barədə xəbərdarlıq edib.

Britaniyanın tətbiq etdiyi sanksiyalar siyahısına düşənlərə aktivlərin dondurulması, maliyyə məhdudiyyətləri və səyahət qadağaları şamil olunacaq.