“Amerikanın Azərbaycana olan marağı durmadan artır” - ŞƏRH OLUNDU

29 Sentyabr 2025 18:04 (UTC+04:00)

“Azərbaycanla Amerika Birləşmiş Ştatları arasındakı münasibətlər müstəqillik tariximiz boyunca heç zaman bu qədər yaxşı olmayıb. Bu gün isə dövlərdə yüksələn xətt üzrə inkişaf edir. Hesab edirəm ki, müstəqillik tariximiz boyu Amerika ilə Azərbaycan arasında münasibətlər hazırda olduğu kimi inkişaf etməmişdi”. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Sahil Kərimli deyib.

O bildirib ki, son dövrlərdə, xüsusilə də Trampın hakimiyyətə gəlməsindən sonra münasibətlər daha da inkişaf edib, Azərbaycanın bölgədə sülhə və təhlükəsizliyə verdiyi töhfə Amerika tərəfindən də daim yüksək qiymətləndirilib. Təsadüfi deyil ki, Amerika prezidenti Donald Tramp Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması istiqamətində böyük töhfələr verib. Bu ilin avqust ayında Azərbaycan Prezidenti, Ermənistan baş naziri və Amerika prezidentinin iştirakı ilə keçirilən görüş, sülhün əldə olunması istiqamətində atılan konkret addımlar bölgədə sülh və təhlükəsizliyə çox ciddi dəstək kimi qiymətləndirilməlidir. Xüsusilə Zəngəzur dəhlizinin açılması, bölgədə nəqliyyat-kommunikasiya xətlərinin şaxələndirilməsində Amerikanın verdiyi töhfələr təqdirəlayiqdir. Amerika şirkətləri ilə Azərbaycan şirkətləri arasında qarşılıqlı sərmayələrin qoyulması, idxal-ixracın sürətləndirilməsi də buna cavabdır. Eyni zamanda Azərbaycan Prezidentinin BMT-nin 80-ci sessiyası çərçivəsində Nyu-Yorkda keçirdiyi görüşlər, apardığı danışıqlar və əldə olunan müəyyən razılaşmalar da ölkələr arasında münasibətlərin gələcəyi üçün mühüm töhfələr verir. Xüsusilə Azərbaycanın bölgədə etibarlı tərəfdaş olması, nəhəng qlobal layihələrin müəllifi və icraçısı olması da Amerikanın Azərbaycana olan marağını durmadan artırır. Təsadüfi deyil ki, Amerika prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi böyük lider, yaxın dost adlandırır”.