...Rusiya iqtisadiyyatında kəskin yavaşlama müşahidə olunur və tam çöküşlə bağlı proqnozlar getdikcə reallaşır.
SİA-nın məlumatına görə, bu barədə “The Economist” yazır.
2022-ci ildə qısamüddətli tənəzzüldən sonra artım müvəqqəti olaraq bərpa olundu, lakin 2025-ci ilin ortalarına qədər ÜDM faktiki olaraq dayandı: iyul ayında illik artım cəmi 0,4 faiz təşkil etdi və sənaye fəaliyyəti bir neçə ay dalbadal azalmağa başladı.
Korporativ mənfəət azalır, fond bazarı tənəzzülə uğrayır və əmək bazarının görünən sabitliyinə baxmayaraq, real əmək haqqının artımı yavaşlayır.
Bu yavaşlamanın səbəbləri fiskal siyasət və xarici təzyiqlərin birləşməsidir. 2023-cü ilin xərc bumu yerini qənaət rejiminə verir, infrastruktura və müdafiə sənayesinə investisiyalar azalır, pul siyasətinin sərtləşdirilməsi kreditləri bahalaşdırır, iqtisadi fəaliyyətə mane olur.
Qərbin sanksiyaları əsas sektorlara ciddi təsir edib. İxrac, xüsusən də neft kəskin şəkildə azalıb: 2022-ci ilin əvvəlində 155 milyard dollar olduğu halda, 2025-ci ilin yanvarından mart ayına qədər bu rəqəm 96 milyard dollar təşkil edib. Güclənən rubl və aşağı qlobal qiymətlər xaricə satışdan gələn gəlirlərin azalmasına səbəb olub.
Üçüncü ölkələr və barter sövdələşmələri vasitəsilə məhdudiyyətlərdən yan keçmə cəhdlərinə baxmayaraq, Rusiya iqtisadiyyatının göstəriciləri kəskin şəkildə aşağı düşüb.
Beynəlxalq məhdudiyyətlər texnologiyaya, kapitala və xarici bazarlara çıxışa mane olur.
Rusiya əsas tərəfdaşlarını itirir və onun sənayesi texnoloji cəhətdən geri qalır və irimiqyaslı istehsal etmək qabiliyyətinə malik deyil. Əhali yüksək inflyasiya və yığılmış ehtiyatlar səbəbindən hələ də real iqtisadi ağrı çəkməsə də, fundamental problemlər daha da dərinləşir.
Artımın yavaşlaması, ixracın azalması və sanksiyaların təzyiqi ölkənin sabitliyini təhdid edir. Müharibə və iqtisadi təzyiq altında Rusiya özünü kritik vəziyyətdə tapır. Onun iqtisadi perspektivləri qaranlıqdır və Kremlin uzunmüddətli sabitliyi qoruyub saxlamaq qabiliyyəti getdikcə daha çox şübhə doğurur.
Əli Babayev