“Dünən Gəncədə III MDB oyunlarının açılışı baş tutdu. Bu mühüm idman tədbiri təkcə ölkəmiz üçün deyil, həm də bütün MDB məkanında böyük əhəmiyyət daşıyır”. Bu sözləri SİA-ya açıqlamasında sərbəst güləş üzrə 3 qat dünya çempionu Hacı Əliyev deyib.
Onun sözlərinə görə, açılış mərasimi möhtəşəm təşkil olunmuş, müxtəlif ölkələrdən gəlmiş idmançılar və nümayəndə heyətləri iştirak etmişdir:
“Tədbirdə həmçinin milli musiqilərimiz, rəqslərimiz və zəngin mədəniyyətimiz nümayiş olunaraq ölkəmizin qonaqpərvərliyi bir daha sübut olundu.
Çox sevindirici haldır ki, ölkəmizdə bu cür oyunlar keçirilir. Bu, Azərbaycanın idman sahəsindəki uğurlarının, inkişaf etmiş infrastrukturunun və beynəlxalq nüfuzunun göstəricisidir. MDB oyunları kimi genişmiqyaslı yarışların ölkəmizdə keçirilməsi, eyni zamanda, gənc idmançılar üçün də böyük bir stimul və təcrübə mənbəyidir. Bu cür tədbirlər vasitəsilə Azərbaycan idmançıları həm öz bacarıqlarını nümayiş etdirir, həm də digər ölkələrin təmsilçiləri ilə dostluq əlaqələri qururlar.
Sözsüz ki, bu hadisə Azərbaycanın daha da tanınmasına səbəbdir. MDB oyunlarının Azərbaycanda keçirilməsi ölkəmizin beynəlxalq səviyyədə tanınmasına, turist axınının artmasına və mədəniyyətimizin dünyaya tanıdılmasına mühüm töhfə verir. Belə tədbirlər vasitəsilə həm ölkəmizin müasir siması nümayiş olunur, həm də dünya ictimaiyyəti Azərbaycanın sülhə, əməkdaşlığa və inkişafa verdiyi töhfələri daha yaxından müşahidə edir”.