Məktəblərdə dərs və tənəffüs vaxtlarının balanslaşdırılması şagirdlərin diqqətini və öyrənmə keyfiyyətini birbaşa təsir edə bilər. Mütəxəssislər bildirir ki, dərslərin daha qısa, tənəffüslərin isə nizamlı olması həm psixoloji, həm də akademik fayda gətirir. Dünyada bu yanaşma artıq uğurla tətbiq olunur. Bəs, belə bir dəyişiklik Azərbaycanda da eyni effekti verə bilərmi? Dərslərin 40 dəqiqə, tənəffüsün 10 dəqiqə olması şagirdlərə nə kimi fayda gətirə bilər?
Məsələ ilə bağlı təhsil eksperti Məzahir Məmmədli SİA-ya açıqlamasında bildirib ki, son günlər sosial şəbəkələr və digər media qurumları artıq Azərbaycanda təhsil sistemində bir yeniliyi müzakirəyə çıxarıblar — tənəffüslərin 10 dəqiqə olması məsələsi qaldırılıb:
“Məsələ budur ki, əvvəlcə baxmaq lazımdır ki, bizim buna infrastrukturumuz imkan verirmi? Məsələn, bir anlıq düşünün ki, şagird sayı 5000-6000 olan, hətta Xırdalanda 6000-dən çox şagirdi olan məktəblər var. 10 dəqiqəlik fasilədə orada yaranacaq xaosu təsəvvür etmək belə çətindir. Beynəlxalq təcrübədə bu model tətbiq olunub və müəyyən uğurlar, nəticələr əldə olunub. O 10 dəqiqəni səmərəli istifadə ediblər. Amma bizdə isə həm deyirik ki, telefon, planşet, elektron vasitələr məktəbə gətirilməsin, həm də deyirik ki, bu 10 dəqiqə ərzində uşaq nə ilə məşğul olacaq, bilmirik.
Üstəlik, bizim təhsil müəssisələrində infrastruktur bu dəyişikliyə hələ hazır deyil. Yəni bu sistemin təlimatı hazırlanmalı, fasilənin təşkili planlanmalı və bu 10 dəqiqədə konkret fəaliyyət təmin olunmalıdır”.