"Zəngəzur dəhlizi əslində dünya siyasəti və iqtisadiyyatı baxımından böyük önəm daşıyır". Bunu SİA-ya açıqlamasında politoloq Telman Nüsrətoğlu deyib .
Onun sözlərinə görə, bu dəhliz həm də türk dünyasının və Azərbaycanın maraqları baxımından strateji əhəmiyyət kəsb edir: "Zəngəzur dəhlizi, Transxəzər dəhlizi ilə birlikdə türk dünyasını bütün istiqamətlər üzrə birləşdirən mühüm bir körpü rolunu oynayır. Dünyanın iqtisadi gələcəyi baxımından dəhlizlərin və yolların əhəmiyyətinə nəzər salsaq, xüsusilə Orta Dəhlizin daşınmada rentabellik və vaxt baxımından nə qədər əlverişli olduğunu görə bilərik. Bu mənada Orta Dəhlizin ən mühüm, ən kritik hissələrindən biri məhz Zəngəzurdur. Ona görə də Zəngəzur dəhlizi mütləq açılmalıdır.
Qərb-Çin ticarəti, bölgə ölkələrinin maraqları, Türkiyə ilə münasibətlər, eləcə də İran, Ermənistan və Rusiya ilə əlaqələrin inkişafı baxımından bu dəhlizin açılması hər bir ölkəyə fayda gətirir. Sadəcə olaraq, dəhlizə nəzarət və təhlükəsizlik məsələləri ilə bağlı müəyyən fikir ayrılıqları qalmaqdadır. Geosiyasi güclər arasında bu sahədə maraqların toqquşması müşahidə olunur. Azərbaycanın mövqeyi isə tam aydındır: milli maraqlarımız nəyi tələb edirsə, münasibətlər də həmin müstəvidə tənzimlənməlidir. Əsas məqsəd bölgədə barışın, sülhün, əmin-amanlığın və əməkdaşlığın möhkəmləndirilməsi olmalıdır. Çatışmazlıqların konfrantasiyaya çevrilməsinə, antaqonizm mühitinin yaranmasına yol vermək olmaz. Əksinə, coğrafiyanı əməkdaşlıq mühitinə çevirmək prioritetdir. Yaxın zamanlarda Ermənistanla razılaşmalar çərçivəsində Zəngəzur dəhlizinin açılması ilə bağlı müsbət irəliləyişlərin şahidi olacağımız istisna deyil".