Azərbaycan BMT Baş Assambleyasının yüksəksəviyyəli gənclər tədbirində təmsil olunub - FOTOLAR

29 Sentyabr 2025 16:59 (UTC+04:00)

Azərbaycan nümayəndə heyəti BMT Baş Assambleyasının yüksəksəviyyəli gənclər tədbirində iştirak edib. Gənclər və İdman Nazirliyindən SİA-ya verilən məlumata görə, BMT Baş Assambleyasının Yüksək Səviyyəli Həftəsi çərçivəsində tarixdə ilk dəfə gənclərə həsr olunmuş rəsmi görüş - “Gənclərlə bağlı Fəaliyyətin Dünya Proqramının (WPAY) qəbul edilməsinin 30 illiyi” mövzusunda yüksəksəviyyəli plenar iclas keçirilib. Tədbirdə üzv dövlətlər, nazirlər, vətəndaş cəmiyyəti nümayəndələri və gənc liderlər bir araya gələrək son 30 ilin təcrübəsini bölüşüb, əldə edilən nailiyyətləri müzakirə edib və gələcək üçün ortaq əməkdaşlıq yolları barədə fikir mübadiləsi aparıblar.

Yüksəksəviyyəli plenar hissədə Azərbaycanı Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdirinin müavini Ülviyyə Axundova təmsil edib. Nazirliyin dəstəyi ilə təşkil olunan nümayəndə heyətində NAYORA-nın sədr müavini Güldanə Dadaşova və Goranboy Gənclər Evindən Elnur Arifzadə də yer alıblar. Nümayəndə heyətinin tərkibində Güldanə Dadaşova “Heç kəsi kənarda qoymadan Gənclərlə bağlı Fəaliyyətin Dünya Proqramının icrasının irəlilədilməsi” mövzusunda keçirilən birgə nəsillərarası paneldə çıxış edib.

Səfər müddətində nümayəndələr, həmçinin Gənclər Festivalı çərçivəsində keçirilən müxtəlif tədbir və görüşlərdə iştirak edərək beynəlxalq həmkarlarla əməkdaşlıq perspektivləri barədə fikir mübadiləsi aparıblar.