"Azərbaycan III MDB Oyunlarının təşkilatçılığını yüksək səviyyədə həyata keçirdiyini ilk gündən nümayiş etdirir. Bu sözləri SİA-ya açıqlamasında siyasi ekspert Aydın Quliyev deyib.
Onun sözlərinə görə, ölkə Prezidentinin bu oyunların açılış mərasimində iştirakı da çox şeydən xəbər verir: "Bu o deməkdir ki, Azərbaycan dövləti üzvü olduğu çoxşaxəli beynəlxalq əməkdaşlıq qurumlarının prinsiplərinə və qarşısındakı öhdəliklərinə hər zaman hörmətlə yanaşır. Oyunların keçirilməsi də bunun bariz nümunəsidir.
III MDB Oyunlarının yalnız MDB çərçivəsində təşkil olunmaması da diqqət çəkir. Türkiyə, Pakistan, Qətər, Bəhreyn və digər MDB-yə üzv olmayan ölkələrin bu yarışlara qatılması tədbirin əhəmiyyətini və nüfuzunu artırır. Ümumilikdə bir neçə qeyri-MDB ölkəsinin iştirak etməsi yarışların beynəlxalq səviyyədə qəbul olunduğunu sübut edir. Bu oyunların Gəncə və digər şəhərlərlə yanaşı, işğaldan azad olunmuş Xankəndidə keçirilməsi isə xüsusi strateji önəm daşıyır. Bu fakt bir daha göstərir ki, Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi edə biləcək şəhərləri yalnız paytaxt və böyük şəhərlərlə məhdudlaşmır. Müxtəlif bölgələrimiz dünya səviyyəli tədbirləri qəbul etmək imkanına malikdir və bu, beynəlxalq ictimaiyyətə nümayiş etdirilir.
MDB ölkələrinin bir qismi vaxtilə, Azərbaycanın işğala məruz qaldığı illərdə ölkəmizə açıq dəstək göstərsə də, digərləri müxtəlif səbəblərdən bu mövqedən çəkinmişdi. Bunun səbəbləri olsa da, MDB-nin erməni işğalına qarşı prinsipial mövqe sərgiləmədiyi tarixi faktdır. Buna baxmayaraq, Azərbaycanın Xankəndidə MDB oyunlarına ev sahibliyi etməsi ciddi mesaj xarakteri daşıyır. Bu, həm Xankəndinin Azərbaycan şəhəri olduğunu, həm də işğaldan azad olunduqdan sonra beynəlxalq tədbirlərə ev sahibliyi edə biləcək məkana çevrildiyini bütün dünyaya nümayiş etdirir".