"Enerji içkiləri gənclər arasında sürətlə yayılıb və bəzən “güclü diqqət toplama” və ya “yorğunluğu tez aradan qaldırma” vasitəsi kimi istifadə olunur". Bu sözləri SİA-ya açıqlamasında qida mühəndisi, nutrisioloq Fərid Səfərov deyib.
Onun sözlərinə görə, amma onların populyarlığı ciddi təhlükələr də yaradır: "Yüksək kofein səbəbindən ürək-damar sistemi üçün risklər artır. Taxikardiya, yəni ürək döyüntülərinin sürətlənməsi, aritmiya və təzyiqin yüksəlməsi müşahidə oluna bilər. Xüsusilə idman zamanı və ya spirtlə birlikdə qəbul ediləndə qəfil ürək dayanması riski yüksəlir. Digər təhlükə isə asılılıqdır. Kofeinə öyrəşmə və psixoloji asılılıq yarana bilər. Həddindən artıq qəbul əsəbilik, yuxusuzluq, diqqət pozuntusu və hətta panik atak riskini artırır. Bunun nəticəsində gənclərin emosional sabitliyi zəifləyir.
Enerji içkiləri yuxu ritminə də ciddi təsir göstərir. Sağlam yuxu gənclərin tədrisi və inkişafı üçün həyati əhəmiyyət daşıyır. Yuxusuzluq isə yaddaş zəifliyi, aşağı akademik performans və emosional gərginlik yaradır. Mədə-bağırsaq sistemi də mənfi təsirlərdən kənarda qalmır. Enerji içkiləri mədədə turşuluğu artırır, qastrit və reflüks riskini yüksəldir. Şəkərli içkilərin istifadəsi isə artıq çəki, insulin müqaviməti və ikinci tip diabet ehtimalını artırır. Ən təhlükəli məqamlardan biri onların spirtlə qarışdırılmasıdır. Gənclər arasında geniş yayılan bu vərdiş spirtin təsirini “maskalayır” və daha çox miqdarda içməyə səbəb olur ki, bu da ciddi fəsadlar doğura bilir.
Uşaqlar və yeniyetmələr üçün risklər isə daha böyükdür. Beyin inkişaf mərhələsində olduğu üçün diqqət və emosional sabitlik üzərində daha güclü mənfi təsir göstərir. Həmçinin boy və skelet inkişafı üçün zəruri olan yuxunu azaldır, bu isə onların fiziki inkişafını ləngidir. Enerji içkilərinin “sürətli güc” vəd etməsi əslində aldadıcıdır. Qısamüddətli enerji artımının müqabilində uzunmüddətli sağlamlıq riskləri yaranır. Sağlam qidalanaraq sağlam yaşamaq isə həm fiziki, həm də psixoloji baxımdan ən doğru seçimdir".