Bakıda TDT-nin regional rolu və qlobal sabitliyə töhfələri müzakirə olunub - FOTOLAR

29 Sentyabr 2025 11:29 (UTC+04:00)

Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin beyin mərkəzlərinin nümayəndələrinin iştirakı ilə sentyabrın 29-da Bakıda keçirilən “Türk Dövlətləri Təşkilatı: qlobal nizamsızlıq dövründə regional aktor kimi” mövzusunda konfrans çərçivəsində “Siyasi təhlükəsizliyin qeyri-müəyyənliyi dövründə TDT-nin qlobal sülh və sabitliyə töhfələri”nə həsr olunmuş panel müzakirə aparılıb. SİA xəbər verir ki, əvvəlcə Qazaxıstan Respublikası Prezidenti Yanında Strateji Araşdırmalar İnstitutunun direktoru Jandos Şaymandarov çıxış edib. O deyib: "TDT-nin inkişafı göstərdi ki, üzv ölkələr yalnız mədəni və sivilizasiyalararası əməkdaşlıqda deyil, həm də beynəlxalq arenada Türk dünyasının roluna dair ortaq baxış formalaşdırıblar. Qlobal nizam yeni mərhələyə qədəm qoyur və bu, üç əsas qeyri-müəyyənliklə xarakterizə olunur: geosiyasi rəqabətin intensivləşməsi, qlobal institutların təzyiq altında olması və sabitlik mexanizmlərinin yeni reallıqlara uyğunlaşmaqda çətinlik çəkməsi. Həmçinin kiberhücumlar, dezinformasiya, iqlim dəyişiklikləri və resurs təhlükəsizliyi kimi hibrid və transmilli təhdidlər sürətlə artır, sərhəd tanımır və cəmiyyətlərin təhlükəsizliyinə birbaşa təsir göstərir”

Azərbaycan ilə Ermənistan arasında ABŞ-da Birgə Bəyannamənin imzalanmasını tarixi hadisə adlandıran J.Şaymandarov əlavə edib: “Bu nailiyyət bütövlükdə Türk dünyasının ortaq qələbəsi kimi qiymətləndirilməlidir. O, infrastrukturun təkcə iqtisadi deyil, həm də siyasi sabitlik və uzunmüddətli əməkdaşlıq zəmanəti rolunu oynayacağı bir mühit yaradır”.

Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Turhan Dilmaç qeyd edib ki, Türk dünyasında inteqrasiya prosesi heç də “blok” kimi qəbul edilməməli, əksinə, daha çox təsirli bir aktor kimi qiymətləndirilməlidir. Bu baxımdan “regional aktor” ifadəsi daha düzgün seçimdir. Çünki “blok” anlayışı qarşıdurmanı xatırladır və bu, inteqrasiya prosesimizin mahiyyətinə ziddir. O bildirib ki, belə bir şəraitdə türk dövlətləri arasında həmrəylik xüsusi əhəmiyyət kəsb edir. Biz bu həmrəyliyin real nəticələrini Qarabağ müharibəsi zamanı da gördük.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Türk Dünyası Araşdırmaları Mərkəzinin rəhbəri Vüsalə Cəfərova bildirib ki, enerji müstəqilliyi dövlətlərin milli təhlükəsizliyi və davamlı inkişafı üçün strateji əhəmiyyət kəsb edir. Enerji iqtisadiyyatın lokomotivi olmaqla yanaşı, istehsalat, nəqliyyat, rabitə və sosial rifahın əsas dayağıdır. O əlavə edib ki, yaşıl enerji layihələri ölkələrin enerji diplomatiyasını gücləndirir və regional əməkdaşlığa töhfə verir. Məsələn, Xəzərdən Avropaya uzanan yaşıl enerji kabeli layihəsi artıq genişlənir və Şərqi Xəzər bölgəsinə, yəni, Qazaxıstana qədər uzadılması planlaşdırılır.

Qırğız Respublikası Prezidentinin yanında Milli Strateji Təşəbbüslər İnstitutunun direktor müavini Şumkarbek Adilbek Uulu bildirib ki, hazırda dünya qarışıqlıq içindədir. Yaxın Şərqdəki vəziyyət və Rusiya-Ukrayna münaqişəsi göstərir ki, təhlükə və risklər artır, bu isə Mərkəzi Asiya ölkələrinə də təsir edir. Münaqişələr hibrid xarakter alır, yeni tipli təhdidlər – infrastrukturun hədəfə alınması, dezinformasiya, psixoloji əməliyyatlar, iqtisadi sanksiyalar, diplomatik təzyiqlər və digər risklər meydana çıxır.

Adilbek Uulunun sözlərinə görə, belə bir şəraitdə Türk Dövlətləri Təşkilatı xüsusi rol daşıyır. Bu təşkilat Mərkəzi Asiyanı, Qafqazı və Anadolunu birləşdirən strateji körpü rolunda çıxış edir. TDT-nin gücü bəyanatlardan konkret addımlara keçid imkanında, birgə risk qiymətləndirilməsində, pilot layihələrin reallaşdırılmasında və sınaq mexanizmlərinin tətbiqindədir.