Azərbaycan hər zaman TDT-nin qlobal siyasətdə mövqeyinin möhkəmlənməsinə dəstək verib - BMTM-in sədri

29 Sentyabr 2025 10:07 (UTC+04:00)

Hazırda dünya siyasətində qeyri-müəyyənlik dövrü yaşanır. Bunun əsas səbəblərindən biri bir çox beynəlxalq təşkilatın öz funksiyalarını effektiv şəkildə yerinə yetirə bilməməsidir. Bu gün regional və qlobal səviyyədə ya mövcud təşkilatlarda ciddi islahatlara, ya da yeni təsisatların meydana gəlməsinə ehtiyac var. Qısaca, təşkilatların funksionallığı baxımından boşluq mövcuddur və TDT bu boşluğu doldurmaq potensialına malikdir. Türk dövlətləri arasında əməkdaşlığı zəruri edən əsas amillərdən biri dünyada artmaqda olan təhlükələr və risklərdir. Bu təhlükələrə qarşı təkbaşına mübarizə aparmaq, demək olar mümkün deyil. Məhz buna görə də dövlətlər arasında ittifaqların və əməkdaşlıq formatlarının artdığını müşahidə edirik. SİA xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) İdarə Heyətinin sədri Fərid Şəfiyev Bakıda "Türk Dövlətləri Təşkilatı: qlobal nizamsızlıq dövründə regional aktor kimi” mövzusunda keçirilən konfransda söyləyib.

F. Şəfiyev bildirib ki, Azərbaycanın hazırda 4 dövlətlə müttəfiqlik müqaviləsi və ya bəyannaməsi var, onlardan 3-ü türk dövlətidir. Aramızdakı əməkdaşlığın güclənməsi qarşılaşdığımız risk və təhlükələrə qarşı daha dayanıqlı mövqe sərgiləməyimizə imkan yaradır.

"Türk dövlətləri arasında əməkdaşlığın genişlənməsi regionda geosiyasi və geoiqtisadi güc balansını üzv və müşahidəçi dövlətlərin lehinə dəyişməkdədir. Artıq bölgəyə maraq göstərən xarici güclər tək bir dövlətlə deyil, bir dövlətlər ittifaqı ilə hesablaşmaq məcburiyyətində qalır. Bəzi fərqliliklərə baxmayaraq, türk dövlətləri arasında həmrəylik və ortaq fəaliyyətin daha da gücləndiyini görmək mümkündür. Bu, bəzi xarici qüvvələri narahat edir. Onlar türk dövlətləri arasında fikir ayrılığı yaratmaq və birliklərini sarsıtmaq məqsədilə müxtəlif şirnikləndirici təklifləri gündəmə gətirirlər. İmperiya keçmişinə sahib bu dairələr regiondakı müstəqil dövlətləri hələ də “parçala və hökm sür” məntiqi ilə idarə etməyə çalışır",- deyə İdarə Heyətinin sədri vurğulayıb.

O əlavə edib ki, xüsusilə, son beş ildə regionumuzda baş verən geosiyasi və geoiqtisadi proseslər TDT-yə, onun həyata keçirdiyi layihələrə diqqəti və marağı artırıb. Bu, bizim üçün böyük fürsətdir və biz bu fürsəti əməkdaşlığımızı daha da dərinləşdirmək üçün dəyərləndirməliyik. Azərbaycan hər zaman xarici siyasətində TDT-nin qlobal siyasətdə mövqeyinin möhkəmlənməsinə dəstək verib.