Bratislavada Anım Günü ilə əlaqədar tədbir keçirilib

28 Sentyabr 2025 20:59 (UTC+04:00)

Azərbaycan Respublikasının Slovakiya Respublikasındakı səfirliyi tərəfindən 27 Sentyabr - Anım Günü ilə əlaqədar Slovakiyada yaşayan həmvətənlərimizin iştirakı ilə Bratislava şəhərində tədbir keçirilib.

SİA-nın məlumatına görə, tədbir iştirakçıları əvvəlcə Vətənimizin ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra ölkəmizin Slovakiyadakı səfiri Vüsal Abdullayev çıxış edərək, Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin uzaqgörən siyasəti sayəsində müasir, güclü və sabit dövlətin formalaşması, Azərbaycanın müstəqil və qalib dövlətə çevrilməsi üçün möhkəm təməlin qoyulduğunu, peşəkar və nizami ordu quruculuğuna başlanıldığını bildirib. Səfir qeyd edib ki, Azərbaycan uzun illər beynəlxalq hüquqa və sülh prinsiplərinə sadiq qalaraq münaqişənin sülh yolu ilə həllinə çalışsa da, Ermənistan işğalçı siyasətini davam etdirib. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq, Azərbaycan Ordusu əks-hücum əməliyyatına başlayıb və 44 gün davam edən müharibə nəticəsində ölkəmizin ərazi bütövlüyü bərpa olunub.

V.Abdullayev Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun Vətən müharibəsində göstərdiyi şücaətin, xalqımızın birliyinin və vətənpərvərliyinin ölkəmizin suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsindəki əvəzsiz rolunu vurğulayıb.

Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar, Azərbaycanın təşəbbüsü ilə aparılmış sülh prosesi barədə bəhs edilərkən 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilmiş Azərbaycan, Ermənistan və ABŞ liderlərinin görüşünün tarixi əhəmiyyəti qeyd olunub.

Diplomat bu gün azad edilmiş ərazilərdə aparılan geniş bərpa və yenidənqurma işlərinin, "Böyük Qayıdış" Proqramının şəhidlərimizə olan borcumuzun ifadəsi olduğunu, onların qəhrəmanlığı və fədakarlığının heç zaman unudulmayacağını vurğulayıb.

Tədbir zamanı Mədəniyyət Nazirliyinin dəstəyi ilə C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyası və “İctimai TV”nin birgə istehsalı olan “Görünməyən qəhrəmanlar” sənədli filmlər silsiləsindən “27 Sentyabr” (Qələbənin ilk günü!) filmi nümayiş etdirilib.