Prezident İlham Əliyevin BMT-də qlobal ədalət çağırışı

28 Sentyabr 2025 15:16 (UTC+04:00)

Cari ilin 25 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı beynəlxalq münasibətlərin müasir mərhələsində özünəməxsus analizləri və dəyərli ideyaları ilə hər kəsin diqqətini cəlb etdi. Dövlət başçısının nitqi qlobal təhlükəsizlik çağırışları, beynəlxalq hüququn prinsiplərinin pozulması, iqlim dəyişikliyi, enerji təhlükəsizliyi və yeni əməkdaşlıq formatları kimi prioritet mövzuları əhatə etməklə yanaşı, Azərbaycanın regional və qlobal proseslərdə artan rolunu da ifadə etdi.

Prezident İlham Əliyev BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışında Ermənistanın Azərbaycana qarşı uzun illər ərzində həyata keçirdiyi işğal, etnik təmizləmə və hərbi cinayətlər siyasətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. O, qeyd etdi ki, Ermənistanın təcavüzkar siyasəti nəticəsində bir milyon azərbaycanlı doğma yurd-yuvasından didərgin salınıb, fundamental insan hüquqları kobud şəkildə pozulub. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrin icra olunmaması isə beynəlxalq hüququn aliliyinə ciddi zərbə vurub.

Dövlət başçımız vurğuladı ki, 1992-ci ildə münaqişənin həlli üçün yaradılmış ATƏT-in Minsk qrupu 30 ilə yaxın fəaliyyəti ərzində öz missiyasını yerinə yetirə bilmədi. Beynəlxalq hüququn norma və prinsiplərini təmin etmək əvəzinə status-kvonu qorumağa çalışan bu format nəticəsiz danışıqlarla prosesi daha da çətinləşdirdi. Nəticədə Azərbaycan 2020-ci ildə BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq özünümüdafiə hüququndan istifadə etməyə məcbur oldu.

Prezident İlham Əliyev Ermənistanın müharibə zamanı şəhərlərimizə ballistik raketlər və kasetli mərmilər ataraq mülki əhaliyə qarşı törətdiyi hərbi cinayətləri də xatırlatdı. Bu təcavüzkarlığa baxmayaraq, Azərbaycan Respublikasının Silahlı Qüvvələri müharibəni beynəlxalq humanitar hüquqa riayət etməklə apardı, mülki şəxslərin qorunmasına xüsusi diqqət yetirdi. 44 günlük Vətən müharibəsi nəticəsində işğal altındakı torpaqlar azad edildi və Azərbaycanın ərazi bütövlüyü bərpa olundu.

Müharibədən sonra dövlətimiz qarşı tərəfə sülh müqaviləsi təşəbbüsü ilə çıxış etdi. Möhtərəm Prezident qeyd etdi ki, Azərbaycanın təqdim etdiyi beş əsas prinsip əsasında 2022-ci ildən başlayan danışıqlar 2025-ci ilin avqustunda konkret nəticələr verdi. 8 avqust 2025-ci il Vaşinqton Sammitində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin sülh müqaviləsinin mətnini paraflaması və liderlərin birgə bəyanat imzalaması ilə regionda yeni bir dövr başladı.

Sammitin ən mühüm nəticələrindən biri regional kommunikasiyaları bərpa edəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) oldu. Bu layihə Zəngəzur dəhlizinin maneəsiz istifadəsini təmin etməklə regionda davamlı sülh və əməkdaşlıq üçün mühüm zəmin yaradacaq.

Dövlət başçımız Vaşinqton Sammitinin eyni zamanda Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin əsasını qoyduğunu vurğuladı. Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması barədə imzalanan Anlaşma Memorandumu siyasi, iqtisadi, enerji, müdafiə və təhlükəsizlik sahələrində yeni əməkdaşlıq üfüqləri açır. ABŞ Prezidenti Donald Trampın 907-ci düzəlişin icrasını dayandırması isə ikitərəfli münasibətlərdə tarixi dönüş nöqtəsidir.

2020-ci ildə Vətən müharibəsində Qələbədən dərhal sonra dövlətimiz azad edilmiş ərazilərdə genişmiqyaslı yenidənqurma proqramına start verdi. Ermənistanın işğal dövründə yüzlərlə şəhər və kəndi yerlə-yeksan etməsi, məscidlərin dağıdılması Azərbaycanın qarşısında böyük bərpa və quruculuq missiyası qoydu. “Böyük Qayıdış” Proqramı çərçivəsində artıq on minlərlə vətəndaş doğma torpaqlara qayıdaraq yaşayış, iş və təhsil imkanları əldə edir. Bu proses həm humanitar ədalətin bərpası, həm də sosial-iqtisadi inkişafın yeni mərhələsi kimi dəyərləndirilir.

Postmünaqişə dövründə Azərbaycanın üzləşdiyi ən ciddi problemlərdən biri Ermənistanın ərazilərdə yerləşdirdiyi minalardır. Minadan xəsarət alan və həlak olan yüzlərlə insan bu problemin humanitar miqyasını açıq şəkildə göstərir. Bu təhlükə həm köçkünlərin təhlükəsiz qayıdışını, həm də infrastruktur layihələrinin icrasını ləngidir. Eyni zamanda, Ermənistanın təcavüzü zamanı itkin düşmüş minlərlə azərbaycanlının taleyinin araşdırılması beynəlxalq ictimaiyyətin diqqət mərkəzində qalmalıdır.

Prezident İlham Əliyev Azərbaycanın mühüm beynəlxalq uğuru olan COP29-dan da bəhs etdi. Bakı sammitində qəbul edilən “Bakı Maliyyə Hədəfi” qlobal iqlim maliyyələşməsində yeni mərhələ açdı. İnkişaf etmiş ölkələrin 2035-ci ilə qədər maliyyə dəstəyini ən azı 300 milyard dollara çatdırmaq öhdəliyi, həmçinin karbon bazarları üçün çərçivənin təsdiqi Azərbaycanın qlobal iqlim gündəliyində lider mövqeyini möhkəmləndirdi.

Azərbaycan eyni vaxtda həm etibarlı enerji təchizatçısı, həm də bərpaolunan enerji mənbələrinin inkişafında aparıcı ölkə kimi çıxış edir. Hazırda Azərbaycan 14 ölkəyə təbii qaz ixrac edir və bu göstərici ilə boru kəməri vasitəsilə qaz ixracında dünya lideridir. Bununla yanaşı, 2030-cu ilə qədər enerji istehsalının 40 faizinin bərpaolunan mənbələrdən təmin edilməsi hədəflənib. Azərbaycanın həm ənənəvi enerji resurslarında, həm də “yaşıl enerji” sahəsində balanslı siyasəti qlobal enerji təhlükəsizliyi üçün mühüm töhfədir.

Azərbaycanın tranzit imkanları son illərdə sürətlə genişlənib. Şərq–Qərb və Şimal–Cənub dəhlizlərinin qovşağında yerləşən ölkəmiz Orta Dəhlizdə yükdaşımaların 90 faiz artımını təmin edib. Ələt Beynəlxalq Ticarət Limanı, Bakı–Tbilisi–Qars dəmir yolu, 9 beynəlxalq hava limanı və regionun ən böyük ticarət donanması Azərbaycanın qlobal logistika xəritəsində mərkəzi mövqeyini gücləndirir. Eyni zamanda, “Rəqəmsal İpək Yolu” təşəbbüsü ilə Azərbaycan rəqəmsal bağlantıların da əsas mərkəzinə çevrilməkdədir.

Azərbaycanın yoxsulluq və işsizlik səviyyəsinin tarixi minimum – 5 faizə enməsi ölkəmizin mühüm nailiyyətlərindən biridir. Cənab Prezident qeyd etdi ki, neft və qaz sektoru ilə yanaşı, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı və şəffaf islahatlar sayəsində ölkə davamlı iqtisadi artıma nail olub. “Moody’s” və “Fitch” beynəlxalq reytinq agentliklərinin Azərbaycanın reytinqini artırması, xarici borcun ÜDM-in cəmi 6,5 faizi səviyyəsində olması və valyuta ehtiyatlarının borcdan 16 dəfə artıq olması Azərbaycanın iqtisadi sabitliyini və maliyyə intizamını təsdiqləyir.

Dövlətimizin başçısı Xəzər dənizində suyun sürətlə azalması problemini qlobal ictimaiyyətin diqqətinə çatdırdı. O vurğuladı ki, bu proses yalnız iqlim dəyişikliyi ilə bağlı deyil, daha dərin səbəblərə malikdir və potensial ekoloji fəlakətə gətirib çıxara bilər. Dövlət başçısı Xəzəryanı ölkələrin birgə səylərinin, həmçinin BMT ilə sıx əməkdaşlığın zəruriliyini xüsusi qeyd etdi. Bu yanaşma Azərbaycanın regional və beynəlxalq ekoloji əməkdaşlıqda məsuliyyətli aktor rolunu nümayiş etdirir.

Azərbaycanın qlobal miqyasda humanitar fəaliyyətləri də çıxışın əsas istiqamətlərindən oldu. Cənab Prezident xatırlatdı ki, ölkəmiz təbii fəlakətlərdən və münaqişələrdən zərər çəkmiş ölkələrə, o cümlədən COVID-19 pandemiyası dövründə 80-dən çox dövlətə tibbi və maliyyə dəstəyi göstərib. Bu, Azərbaycanın qlobal həmrəylik və humanitar məsuliyyət prinsipinə sadiqliyinin bariz nümunəsidir.

Prezident İlham Əliyev Azərbaycanın son illərdə keçdiyi yolu – müharibədə Qələbəni, işğala son qoyulmasını, bərpa işlərinə başlanmasını və sülhün təmin edilməsini tarixi nailiyyətlər kimi təqdim etdi. Bu təcrübə yalnız Azərbaycanın uğuru deyil, həm də beynəlxalq hüququn gec-tez üstünlük təşkil edəcəyinin sübutudur. Azərbaycanın təqdim etdiyi bu model postmünaqişə dövründə ədalətin bərpasının və sülhün möhkəmlənməsinin praktik nümunəsidir.

Çıxışın yekun hissəsində Prezident İlham Əliyev Azərbaycanın qlobal baxışlarını ortaya qoydu: beynəlxalq hüquqa əsaslanan sülh və inkişaf, dövlətlərin daxili işlərinə qarışmama, qarşılıqlı hörmət və əməkdaşlıq. Dövlət başçısı beynəlxalq ictimaiyyətə çağırış edərək ikili standartların ləğvini, ədalətin seçici olmamasını, qanunun aliliyinə hörməti və sülhün əməli addımlarla təmin olunmasını vacib şərt kimi göstərdi.

Prezident İlham Əliyevin BMT Baş Assambleyasındakı çıxışı Azərbaycanın yalnız regional güc deyil, həm də qlobal proseslərin fəal iştirakçısı olduğunu göstərdi. Postmünaqişə dövründə yenidənqurma, mina təhlükəsinin aradan qaldırılması, iqlim diplomatiyası, enerji təhlükəsizliyi və beynəlxalq bağlantılar sahəsində atılan addımlar Azərbaycanın qlobal sabitlik və inkişaf naminə ardıcıl strategiyasını nümayiş etdirir.

Ziyafət ƏSGƏROV
Azərbaycan Respublikası Milli Məclisinin Sədr müavini