Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) III MDB Oyunları çərçivəsində maarifləndirici fəaliyyətini davam etdirir. AMADA-dan SİA-ya verilən məlumata görə, növbəti təbliğat proqramı - sentyabrın 28-də Qəbələ Atıcılıq Mərkəzində stend atıcılığı üzrə keçirilən yarışlarla paralel olaraq təşkil olunub. Tədbirin əsas məqsədi idmançılar və idman ictimaiyyətinin nümayəndələri arasında dopinqdən uzaq, ədalətli və sağlam idman prinsiplərinin təbliğinə xidmət edib.
Maarifləndirici proqram çərçivəsində iştirakçılara antidopinq qayda pozuntuları və onların nəticələri barədə ətraflı məlumat verilib. Qeyd olunub ki, qaydaların pozulması təkcə şəxsi karyeraya zərbə vurmur, həm də komanda, ölkə idmanı və beynəlxalq imic üçün ciddi nəticələr doğurur. Beynəlxalq idman sistemində təmiz və sağlam rəqabətə riayət olunması həm idmançının uğurunu möhkəmləndirir, həm də ölkənin antidopinq sahəsində reputasiyasını artırır.
Maarifləndirici tədbir təkcə məlumatlandırıcı deyil, həm də interaktiv formatda keçirilib. İdmançılar antidopinq sistemi ilə bağlı sorğularda iştirak ediblər. Düzgün cavabları ilə fərqlənənlərə AMADA tərəfindən hədiyyələr təqdim olunub.
AMADA-nın Qəbələdə keçirdiyi bu fəaliyyətin əsas hədəfi III MDB Oyunlarında iştirak edən idmançılar arasında dopinqdən uzaq, sağlam və ədalətli idman mühitinin təşviqi olub. Proqram, eyni zamanda gənc idmançılarda məsuliyyət hissinin artırılması, onların hüquq və öhdəlikləri barədə məlumatlılığının genişləndirilməsi, həmçinin milli və beynəlxalq miqyasda ədalətli rəqabət mühitinin gücləndirilməsinə yönəlib.
AMADA-nın həyata keçirdiyi bu kimi maarifləndirici tədbirlər yalnız yarış iştirakçıları üçün deyil, həm də ümumi idman ictimaiyyəti üçün mühüm əhəmiyyət daşıyır. Qəbələdə keçirilən proqram bir daha göstərdi ki, sağlam və təmiz idman dəyərlərinin təbliği davamlı prosesdir və bu istiqamətdə mütəmadi maarifləndirmə fəaliyyətlərinə xüsusi ehtiyac var.