Sənan Böyük Qələbəyə çox inanırdı...

27 Sentyabr 2025 22:01 (UTC+04:00)

Sənan həqiqi hərbi xidmət keçib müəyyən bacarıqlara yiyələndikdən sonra ərazi bütövlüyümüz uğrunda döyüşəcəyi günü səbirsizliklə gözləyirdi. O, müharibə başlayandan sonra hər saat hərbi komissarlığa yığır, nə zaman döyüşə aparılacağını soruşurdu. Hətta hərbi komissarlıqdan mənə zəng edib dedilər ki, oğlun bizi bezdirib, tez-tez yığıb məni də aparın deyir, işləməyə qoymur. O, arzusuna çatdı, 2020-ci il oktyabrın 1-dən Füzuli istiqamətindən döyüşlərə qoşuldu. Oktyabrın 5-də elə Füzuli istiqamətində gedən döyüşlərdə şəhidlik zirvəsinə ucaldı.

SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, bunu açıqlamasında Vətən müharibəsi şəhidi Sənan Abdullayevin atası Şahin Abdullayev deyib.

"Sonuncu dəfə oktyabrın 4-də mənimlə danışdı. Elə cümlələr, elə ifadələr işlədirdi ki, sanki bizimlə halallaşırdı. O, Böyük Qələbəyə çox inanırdı. Təəssüf ki, özü görə bilməsə də, döyüş yoldaşları, ordumuzun əsgər və zabitləri onun bu arzusunu reallaşdırdılar. Oktyabrın 5-də isə son döyüşünə gedən vaxt qardaşı ilə danışaraq bizi ona tapşırıb. Hadisədən 6 ay sonra hərbi komissar bizə gəldi. Dedi ki, Sənan döyüşə getdiyi gün onlara geri qayıtmaq əmri gəlmişdi. Sənan o qədər məyus olmuşdu ki... Bir neçə dəqiqədən sonra isə cəbhə bölgəsinə yollanacağı barədə xəbər alanda çox sevindi. Sanki qanad açıb uçacaqdı. Sənan çox imanlı övlad idi, gülləbaran arasında namazını da axsatmadı. Son döyüşdən əvvəl də namazını qılmaq nəsib oldu. Hazırda onun uyuduğu yer bizim üçün cənnətdir", - deyə Ş.Abdullayev bildirib.

Qeyd edək ki, Vətən müharibəsi şəhidi Sənan Abdullayevin nəşi 2020-cil noyabrın 1-də tapılıb. Noyabrın 20-də Hərbi Memorial Məzarlıqda (İkinci Şəhidlər xiyabanı) dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən, Sənan Abdullayev ölümündən sonra "Vətən uğrunda", “Cəsur döyüşçü” və “Füzulinin azad olunmasına görə” medalları, 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.