Sentyabrın 26-da Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Xalq yazıçısı Elçinin “Baş” romanı əsasında hazırlanan eyniadlı tamaşanın premyerası keçirilib.
SİA xəbər verir ki, tarixi-metafizik dram janrında təqdim edilən “Baş” əsərinin süjeti XIX əsrin əvvəllərində reallaşan tarixi hadisələrə əsaslanıb.
Tamaşanın quruluşçu rejissoru və səhnələşdirmənin müəllifi Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Mehriban Ələkbərzadə jurnalistlərə açıqlamasında söyləyib ki, tamaşa yalnız keçmişi deyil, həm də bu günümüzlə səsləşən bir mesaj daşıyır. Onun sözlərinə görə, “Baş” romanı tarixi-metafizik dram kimi tamamilə yeni janrda təqdim olunub. “Burada təkcə Sisianovun faciəli aqibəti deyil, Azərbaycan xanlıqlarının qarşılaşdığı seçim anları da göstərilir. Sisianov həyatda olmasa da, onun simasında imperiyanın əməlləri hələ də diridir. Bu əsəri Elçin müəllimin xatirəsinə ithaf etmişik. Təəssüf ki, o, ilk həftələrdə məşqlərimizdə iştirak etsə də, nəticəni görə bilmədi”,- deyə M.Ələkbərzadə əlavə edib.
“Baş”da əsas rollardan biri rus generalı Sisianov obrazını canlandıran Əməkdar artist Füzuli Hüseynov isə, bu tamaşanın çətin və məsuliyyətli olduğunu deyib: “Bütün Qafqazın nifrət etdiyi rus generalı Sisianovu oynamaq asan olmayıb. Onun Cənubi Qafqazı işğal etmək planları, Bakıda öldürülməsi və başının Fətəli şah Qacara göndərilməsindən sonrakı siyasi-mənəvi proseslər göstərilib. Sisianovun “başının metafizik səyahəti” müxtəlif məkanlarda, Azərbaycan xanlıqları, Gürcüstan, Rusiya və Qacarlar səltənətində baş verən tarixi hadisələr fonunda təqdim olunub”.
Tamaşanın quruluşçu rəssamı Əməkdar mədəniyyət işçisi İlham Elxanoğlu, geyim üzrə rəssamı Vüsal Rəhim, işıq üzrə rəssamı Rafael Vaqifoğlu, bəstəkarı Azər Hacıəsgərli, rejissor assistentləri isə Ceyran Başaran və Nərmin Həsənovadır.
Səhnə əsərində Xalq artistləri Rafiq Əzimov, Hacı İsmayılov, Kazım Abdullayev, Əməkdar artistlər Füzuli Hüseynov, Vəfa Rzayeva, Elnar Qarayev, Anar Heybətov, Rövşən Kərimduxt, Kazım Həsənquliyev, Elxan Quliyev, Elşən Rüstəmov, Mətləb Abdullayev, Ayşad Məmmədov və digər aktyorlar çıxış ediblər.