Ukrayna Avropanı Rusiyanın hücum dronlarının təhlükəsindən qorumaq üçün nəzərdə tutulan “Dronlar divarı”nın yaradılması üzrə Avropa müdafiə layihəsində iştirak etməyə hazırdır.
SİA-nın məlumatına görə, bu barədə Ukraynanın müdafiə naziri Denis Şmıxal bildirib.
...Biz artıq çalışırıq və Avropanı Rusiyanın pilotsuz təyyarələri təhlükəsindən müdafiə etməkdə fəal rol oynaya bilərik, - nazir əmin edib.
Şmıxalın sözlərinə görə, sentyabrın 26-da keçirilən görüşdə layihənin müzakirəsi zamanı tərəflər planın həyata keçirilməsi üçün konkret addımlara diqqət yetiriblər.
“Dronlar divarı” “Avropada fundamental olaraq yeni müdafiə ekosistemi” yaratmaq üçün nəzərdə tutulub və Ukrayna onun bir hissəsi olmağa hazırdır.
...Oktyabrın əvvəlində tərəfdaşlarımızla birgə bəyannamə imzalamağı gözləyirik. Biz öz tərəfimizdən "Dronlar divarı"nın bir hissəsi olacaq qruplara təlim keçmək üçün artıq texniki qruplar göndərməyə hazırıq, - Şmıxal qeyd edib.
Ukrayna Rusiya pilotsuz təyyarələrinin vurulmasında öz təcrübəsini və Ukraynanın pilotsuz təyyarə istehsalçılarının layihədə iştirakını təmin edəcək, çünki Ukraynanın inkişafı hazırda dünyanın ən yaxşıları sırasındadır.
...Təcavüzkar artıq Danimarka, Polşa və Baltikyanı ölkələrə qarşı qəsdən təxribatlar törədib. Aİ belə bir eskalasiyaya qəti şəkildə cavab verməyə hazır olmalıdır. Burada Ukraynanın rolu əsasdır, - deyə nazir yekunlaşdırıb.
Əli Babayev