“Psixoloji yardım hər zaman aktual və tövsiyə olunan bir prosesdir“ - PSİXOLOQ DANIŞDI

26 Sentyabr 2025 17:10 (UTC+04:00)

“İlk növbədə vurğulamaq lazımdır ki, psixoloqa müxtəlif yaş qruplarında olan insanlar müraciət edə bilər. Psixoloji yardım hər zaman aktual və tövsiyə olunan bir prosesdir. İnsanın hər hansısa problemi varsa, bunun fərqindədirsə, özü həll edə bilmirsə və həyat fəaliyyətinə təsir edirsə psixoloqa müraciət etməsi məsləhət görülür. Bu situasiyanı övladının psixoloji durumundan narahatlıq keçirən valideynlərə də şamil edilir. O zaman belə bir sual ortaya çıxa bilər ki, “Hansı hallarda valideynlər uşaqlarını psixoloqa aparmalı olduqlarını anlamalıdırlar?” Əgər valideyn övladının psixoloji, nitq və emosional vəziyyətində dəyişiklik müşahidə edirsə, məsələn: özünəqapanma, diqqət yayınıqlığı, qorxular, davamlı həyəcanlı, təşviş halında olması və s. qeyd etmək olar. O zaman övladı ilə söhbət aparmalı, onu anlamağa, bu halın baş vermə səbəbini aydınlaşdırmağa çalışmalı və ona dəstək olmalıdır”. Bu sözləri SİA-ya açıqlamasında Bakı Dövlət Universitetinin müəllimi, Psixologiya Elmi-Tədqiqat İnstitutunun elmi işçisi, Uzman- Klinik (tibbi) psixoloq Narınc Rüstəmova deyib.

Onun sözlərinə görə, burada bağça və məktəbin də rolunu qeyd etmək yerinə düşər: “Bəzən kiçik siqnallar gözardı edildikdə və ya “böyüyəndə düzələcək” kimi fikirlər formalaşdıqda problemlər daha da böyüyür və zamanla irəli yaş dönəmlərində, məsələn, yeniyetməlik kimi “böhran dönəmi” adlandırdığımız periodda daha ciddi və korreksiyası çətin problemlərə gətirib çıxarır. Belə ki, kiçik qığılcımlar gördükdə diqqət etmək, gözardı etməmək, laqeyid yanaşmamaq vacibdir. Dolayısıyla, bağça və məktəbdə müəllimlər də uşaqda belə halları, məsələn: davamlı yaşıdları ilə münasibətdə çətinlik, ünsiyyət problemi, çəkingənlik və ya aqressiv davranışlar, davamlı yaşıdları ilə dalaşmaq və s. müşahidə etdikdə valideynə məlumat verməlidir.

Məktəb-vaideyn-psixoloq üçlüyü qurulmalı və problemin zamanında həll edilməsi üçün addım atılmalıdır. Psixoloq məsələyə professional şəkildə yanaşır və problemin həll olunmasında praktik bilik və vərdişlərindən istifadə edir.

Eyni zamanda məktəb psixoloqlarının peşəkarlığının, sayının artırılması, həmçinin psixoloqun daha effektiv və keyfiyyətli işləməsi həmin mühitin təmin olunması da burada önəmli məqamlardan biridir. Təəssüf ki, heç kimə sirr deyil ki, bəzi valideynlər uşağının psixoloq yanına getməsini istəmir. Belə olan halda məktəb rəhbərliyi və psixoloq həmin valideynlərlə profilaktik söhbətlər aparmalıdır. Hətta yaxşı olar ki, psixoloji dəstəyin vacibliyi barəsində məktəblərdə uşaqlar və valideynlər üçün maarifləndirici seminarlar təşkil olunsun. Bu kimi tədbirlər də, valideynlərin, şagirdlərin psixoloji dəstəyin vacibliyini anlamaqda köməklik göstərəcəkdir.”